Parisdə Karusel de Luvr zalında kulinariyaya dair nəşrlərin sərgisi keçirilib. Sərgidə dünyanın 65 ölkəsinin nəşriyyatlarının kitabları nümayiş etdirilib, 10 ölkənin ləziz yeməklərinin təqdimatı olub. Azərbaycan kulinariyasını təbliğ edən Stal Xankişiyevin bir neçə kitabı sərgidə yer alıb. Müəllif zəngin Azərbaycan mətbəxinin ləziz yeməklərindən olan “şah plov”u təqdim edib. İştirakçılar xalqımızın süfrəsinin bəzəyi olan “şah plov”a böyük maraq göstərib, bu təamdan dadmaq imkanı əldə ediblər. Stal Xankişiyevin Azərbaycan kulinariyasından bəhs edən kitabı nəfis şəkildə tərtibatına və məzmununa görə sərginin münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb və xüsusi diplomla təltif edilib.
   Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov xatırladıb ki, S.Xankişiyevin Azərbaycan mətbəxi haqqında kitabı (“Qazan, qoyun və dəstərxan”) Moskvada nəfis tərtibatda çapdan çıxıb və nəşriyyat onu Parisdə keçirilən sərgiyə təqdim edib. Yeri gəlmişkən, 2010-cu ildə Heydər Əliyev Fondu Moskvada bu kitabın təqdimatını keçirib. S.Xankişiyev Azərbaycan mətbəxi ilə bağlı “Kabab” və “Plov” kitablarının da işıq üzü görəcəyini bildirib.

   Fəxriyyə