Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbər heyətini, eləcə də bir qrup tələbə və müəllimini təltif edib.
Mükafatlandırma tədbirində Meksikanın ölkəmizdəki səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, BXA-nın Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova və BXA-nın tələbə heyəti, digər qonaqlar iştirak ediblər.
Xanım səfir BXA-nın rəhbərliyinə və müəllim-tələbə heyətinə Meksikanın Müstəqillik Gününə (16 sentyabr) həsr olunmuş tədbirlərdə göstərdikləri aktivliyə görə təşəkkürünü bildirib. O, akademiyanın tələbələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və növbəti keçiriləcək tədbirlərdə də iştirak etməyə dəvət edib.
Tədbirin sonunda BXA-nın rəhbər heyətinə, akademiyanın tələbə və müəllimlərinə Meksika səfirliyi tərəfindən diplomlar təqdim olunub.
Xatırladaq ki, BXA tələbələri Meksikanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bakıda keçirilən tədbirdə müxtəlif rəqs kompozisiyaları ilə çıxış ediblər.