Gəncədən başlayan söz-sovumuz böyük Əhməd Cavadsız keçməsin. Axı çox-çox illər əvvəl məhz o, “Gəncənin meyvəsi şəkər, qənd olub. Gəncədə bir qıza gözüm bənd olub, Cavada sən baxma, mən baxım deyir!” ilə bizi də özünün yandığı eşq oduna pərvanə etmişdi...
Elə Gəncədə də az qala “sulara sən axma, mən axım”, “günəşə sən çıxma, mən çıxım”, “quşlara sən uçma, mən uçum” deyəcək əzəmətdədir. Onunla illər sonrası görüşüm lap həsrətin vüsalla bitməsi qədər həzin oldu. Boz damlı qırmızı evlər, hər küçəsi, hər dalanı xatirələr və tarixə şahidliklə dolu qayım-qədim şəhəri bələdçisiz gəzdim.
Əzəmətli qala qapılarından başlanan yol məni Əttarlar küçəsi, Hamamçılar məhəlləsi, Papaqçılar döngəsi, Qalayçılar dalanı... kimi fərqli-fərqli məkanlara yenidən heyran etdi. Dahi Nizaminin vətəni həmişə olduğu kimi bu gün də dünyanın hər yerindən səyahətçiləri cəlb edir.
Qaladan baxan şəkillər...
Uzun yolu qət edib, qara-boz çölləri, şoran torpaqları, ara-sıra gözə dəyən heyva, nar bağlarını, artıq barı sovulan bostan sahələrini geridə qoyub uzaqdan günəşin oğrun şəfəqlərində ayrı bir möhtəşəm rəngə çalan Gəncənin Qala qapılarına yaxınlaşırıq.
Çinarlar yurdunun çinarboylu igidlərinin – Vətəni azad və bütöv etmək üçün canından keçən şəhidlərimizin portretlərinin, bu torpağı daha da müqəddəs edən qəhrəmanlarımızın fotolardan boylanan doğma və məsum, eyni zamanda əmin və qətiyyətli baxışlarının müşayiətində yol bizi daha da irəli aparır.
Kədər və qürurun, hüzn və əminliyin verdiyi qətiyyətlə qocaman çinarların kölgəsində, arxalandığımız igid oğulların cəsarəti boyda sevginin yağışında ürəklə “Salam, Gəncə!” deyirəm.
Budur, şəhərin qədimliyinə işarə olan möhtəşəm Qala qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyindəyik. Kompleksin inşasına 2012-ci ildə başlanılıb, 2014-cü ildə başa çatdırılıb. Tarixdən məlumdur ki, Gəncə qalasının beş qapısı olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə-kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.
Bəlkə tarixin özü qədər?!
Ola bilər, kiməsə görə bu bir az qabarıq təsvirdir. Amma həm də Gəncə bunun haqqını verir. Bəzi mənbələrdə şəhərin yaranma tarixi eramızdan əvvəlki dövrə, bəzilərində isə Erkən Orta əsrlər dövrünə aid edirlər. Son elmi araşdırmalar isə artıq mübahisələrə son qoyub. Məlum olub ki, Gəncənin dörd min ildən çox yaşı var. Bu əhəmiyyətli nəticəyə N.Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin fondlarında saxlanılan, Gəncəçay vadisində tapılan sənətkarlıq məmulatı, qədim keramika nümunələri, qiymətli daşlar sayəsində gəlinib. Bu, öz yerində. Amma Gəncənin əsas tarixi ansamblı Şah Abbasın memarı və vəziri Şeyx Bahəddin tərəfindən XVII əsrdə yaradılan memarlıq kompleksidir. Bu kompleksə Cümə məscidi (Şah Abbas məscidi), Çökək hamam və Şah Abbas karvansarası daxildir.
Şəhərə ayrı bir gözəllik verən məscidlər və türbələr sırasında, sözsüz ki, ilk yerdə I Şah Abbasın göstərişi ilə 1606-cı ildə inşa edilən Şah Abbas məscidinin xüsusi yeri var. Orada olarkən eşitdiyim bir fikir (nə dərəcədə real olduğunu demək çətindir) diqqətimi xüsusilə cəlb etdi. Sən demə, günorta olanda tikilinin qərb divarına düşən kölgə yox olur və bu, günorta namazının vaxtının çatdığı anlamına gələrmiş.
Heyrətimi görən yerli sakinlərdən biri özünəməxsus əminliklə “Burada təəccüblü heç nə yoxdur. Biz hələ də vaxtı o yoxa çıxan kölgəynən bilirik. Vaxtın varsa, gözlə, sən saatına bax, biz də kölgəyə. Dəqiqliyə isə söz ola bilməz” dedi. Uzun zaman burada mədrəsə də fəaliyyət göstərib və tanınmış şair, mütəfəkkir Mirzə Şəfi Vazeh xəttatlıq sənətindən dərs keçib.
Memarlıq quruluşuna görə diqqətçəkən daha bir məkan hazırda ətrafındakı müasir tikililərə də meydan oxuyacaq zəriflikdəki Çökək hamamdır. Onu da Şeyx Bahəddin elə həmin il məscidin yanında inşa etdirib. Hamamın əsas təyinatı məscidə namaz qılmağa gələn müsəlmanların dəstəmaz almasına şərait yaratmaq olub. Zirzəmisində iki buxar qazanı olan hamam odunla qızdırılıb. Sakinlərin dediyinə görə, bu hamam hətta bir şamla da isinərmiş.
4 əsr yaşı olan bu unikal sistem 1963-cü ilə qədər ideal vəziyyətdə imiş. Gəncə sakini Sara Məmmədova deyir ki, hər həftə məhz bu hamama gəlmək bizim üçün bir ayinə çevrilmişdi. Hamının evində hamam olsa da, gəncəlilər həftənin bir günü mütləq bura üz tuturdu.
Kompleksə aid üçüncü tikili Şah Abbas karvansarasıdır. Onun inşasına 1606-cı ildə Şah Abbas Səfəvinin göstərişi ilə başlayıblar. Binanın layihələndirilməsinə və tikintisinə Şeyx Bahəddin başçılıq edib. Bişmiş qırmızı kərpicdən yaradılan ikimərtəbəli bina 1613–1614-cü illərdə istifadəyə verilib. 1905-ci ildə ermənilərin Gəncədə törətdiyi qırğın zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb...
“Ona mən göz yetirib xəlvəti baxdım-baxdım...”
Məqbərəyə qalxan pilləkənləri birnəfəsə çıxdım. Məkan adama izahsız rahatlıq verir. Günəşin gözqamaşdırıcı şüaları səhər mehinə qoşulub saçlarımı dağıtdıqca “Bu hüsnü camal ilə, bu ülvi görünüşlə, Mümkünsə, bizə lütf eləyib ruyini göstər”i, o eşq dolu qəzəldən beyti deyirəm. Arxadan məni böyük şeyxin “hüzuruna” yetirən Mahirə Haqverdiyevanın yarızarafat şikayətinə, təngnəfəs olduğundan güclə eşidilən “Ay insafsız, ayaq saxla, sənə yetəmmirəm axı”sına qəhqəhə ilə cavab verirəm.
Məqbərə bələdçisi Aynurə Hüseynova deyir: “Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi bu şəhərdə anadan olub, bu şəhərdə yaşayıb və bu şəhərdə vəfat edib. Nizami məqbərəsini Gəncə şəhərinin simvolu da hesab etmək olar. Şəhərin girişində, Əhmədli kəndində yerləşən məqbərənin ilk inşası XIII-XIV əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib. Son illərdə Nizami məqbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərcik yaradılıb”.
Onun sözünü yarımçıq qoyaraq turistlərin ən çox hansı sualı verdiklərini soruşuram. Gülümsəyir: “Ən çox eşitdiyim “Doğrudan, Nizami burada dəfn olunub” sualıdır...”.
Bələdçimiz sonra burada yaradılan süni göl və Nizami Gəncəvinin “Xəmsə” adı ilə məşhur olan beş poemasının təcəssümü olan beş fəvvarədən bəhs edir.
Biz uzaqdan beş nazəndə gözəli xatırladan fəvvarələri qoyub məqbərə ilə üz-üzə inşa edilən muzeyə tərəf gedirik. Binanın önündəki lövhədə də qeyd olunduğu kimi, 2014-cü ildə tikilən muzey məqbərəyə bitişik ərazidə ziyarətçiləri Nizaminin həyat və yaradıcılığı ilə tanış edən yeni məkandır. Muzeydə dahi şairin həyat və yaradıcılığı, dünya şöhrətli əsərləri haqqında zəngin eksponatlar nümayiş etdirilir. Burada nəşrlər, miniatürlər, rəsm əsərləri və s. maraqlı eksponatlar qorunur.
“İmamzadə haqqı”...
Gəncədə olduğum iki gündə ən çox bu andı eşidirdim. Xüsusən şəhərin ayrı-ayrı məhəllələrini dolaşarkən burada əttarlar, orada papaqçılar, filan yerdə filan sənətkar olub, deyib köhnə Gəncənin xiffətini edən əsl Gəncə koloritli Təranə Cəfərova mənim bəzi faktlar barədə təəccübümü “İmamzadə haqqı” ilə təsdiq edirdi. Sözsüz ki, Gəncə turumu bu məkansız təsəvvür etmədiyimdən ora da baş çəkdim.
Gəncədəki VIII əsrə aid tarix-memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy imam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksi ölkəmizin dəyərli memarlıq abidələrindən hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin dəfn olunduğu bildirilir. Tikili geniş ərazisi, maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edir.
Düşmənin raket hücumlarının nişanələri
4, 5, 8, 11, 17 oktyabr 2020-ci il... Bu tarixlər zaman-zaman ağır sınaqlar görən Gəncəmizin yağı düşmən hücumuna məruz qaldığı son təqvimlərdir. Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə raket hücumuna məruz qalan qədim şəhərin sakinləri böyük ziyan gördülər. Düşmənin dinc sakinləri, o cümlədən körpələri, yaşlıları hədəf almaqda məqsədi döyüş meydanındakı uğursuzluqları ört-basdır etmək və xalqımızın müqavimətini qırmaq, cəmiyyətdə qorxu hissi yaratmaq idi. Amma cəsur Cavad xanın doğma şəhəri və onun qorxmaz sakinləri bir daha öz şücaətlərini göstərdilər və xalqımız haqq yolundakı mübarizəsini şanlı Zəfərlə tamamladı.
Şəhərin bir neçə yerində dağılmış tikililər indi o günlərdən hüznlü xatirə olmaqla yanaşı, həm də yenilməzliyin rəmzi kimi qalmaqdadır...
Bir də Xanın bağı var...
Qeyrətli Cavad xan yurdunu, zamana və özündən qat-qat güclü imperializmə qarşı meydan oxuyan bu qəhrəmanın şəhərini ayaqüstü gəzib-dolaşdıqdan sonra Xan bağında ayaq saxladım. Təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın ən qədim bağlarından sayılan “Xan bağı” mərkəzi şəhər parkı çoxəsrlik ağacları ilə məşhurdur.
Parkın təməli 1700-cü ildə qoyulub və 1804-cü ildə şəhid olan Gəncənin son hakimi Cavad xanın şərəfinə ona “Xan bağı” adı verilib. Rusiya işğalı zamanında “Sərdar bağı” və ya “Qubernator bağı” kimi adlansa da, gəncəlilər ona “Cavad bağı” deyirlər. Mənbələrdə parkda təxminən 100 növ ağac və kol bitdiyi bildirilir.
2010-cu ildə əsaslı şəkildə yenidən qurulan bağı dolaşdıqdan sonra yol aldım son dayanacağım olan Gəncə Dövlət Kukla Teatrına. Axı səfərin əsas qayəsi o qədim tikili və içində özünə məkan tapan kuklaçılarla görüş idi...
Həmidə Nizamiqızı
Bakı-Gəncə-Bakı