Ölkəmiz «İTB Berlin-2013» beynəlxalq turizm sərgisinin rəsmi tərəfdaşıdır
   
   Mədəniyyət və Turizm Nazirliyi mart ayında ölkəmizi üç beynəlxalq turizm sərgisində təmsil edəcək. Azərbaycan martın 6-dan 10-dək Almaniya paytaxtında keçiriləcək «İTB Berlin-2013» beynəlxalq turizm sərgisinin rəsmi tərəfdaşı (Convention and Culture Partner) olacaq.
   
   İştirakçı sayına və əhatə dairəsinə görə dünyanın ən böyük sərgilərindən olan «İTB Berlin»də ölkəmiz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Nümayəndə heyətinə nazirliyin Turizm şöbəsinin əməkdaşları, Bakı və Şəki turizm informasiya mərkəzlərinin direktorları daxildir. Heyətdə həmçinin «Şahdağ» Qış-Yay Turizm Kompleksi, «Ekostil-Azərbaycan» Təbiəti Mühafizə İctimai Birliyi, «Azerbaijan review» jurnalının təmsilçiləri, muğam ifaçıları, Dövlət Rəqs Ansamblının üzvləri yer alıb.
   Ölkəmiz bu sərgidə üç stendlə təmsil olunacaq. 104 kv m sahəsi olan əsas stenddə 13 turizm şirkəti (“SW travel”, «Millennium Tourism and Congress», «The tour», «İmprotex travel», «Gilan tourism», «ENC Tours», «AL travel», «Geo travel», «Regea travel», «Victory tour», «Volcano travel», «Xəzər travel», «Pasha travel»), 6 hotel («Divan Express hotel», «Kempinski hotel Badamdar», «Four Seasons hotel Baku», «Atlant» istirahət mərkəzi, «Jumeirah Bilgah Beach hotel», «Fairmont Baku») və «Şahdağ» Qış-Yay Turizm Kompleksi öz məhsullarını təqdim edəcək. Həmçinin lövhədə «Azərbaycan Hava Yolları» aviaşirkəti üçün xüsusi yer ayrılıb.
   Bundan əlavə, «Ekologiya» (30 kv m) və «Mədəniyyət» (21 kv m) stendləri təşkil ediləcək. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları paylanacaq. Stendlərimizdə əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri də nümayiş olunacaq.
   Azərbaycanın pavilyonlarında eyni zamanda “Böyük İpək Yolu” beynəlxalq turizm marşrutu üzərində yerləşən ölkələr haqqında məlumatlar əksini tapacaq. Sərginin davam etdiyi 9 və 10 mart istirahət günlərində ziyarətçilər Azərbaycanın incəsənət ustalarının çıxışlarına baxmaq, ölkəmizin müxtəlif regionlarına aid mətbəx nümunələri və şərablardan dadmaq imkanı əldə edəcəklər.
   Sərgi çərçivəsində müxtəlif panellər üzrə diskussiyalar zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nümayəndə heyətinin üzvləri ölkəmizin mədəniyyəti, tarixi, turizm sahəsində son illər əldə edilən uğurlar, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verəcəklər. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun diskussiyalardan birinin aparıcısı olacağı nəzərdə tutulur. O, ziyarətçilərlə ölkəmiz haqqında təəssüratlarını bölüşəcək.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən başlayaraq artıq onuncu dəfədir ki, «İTB Berlin» turizm sərgisində iştirak edir. Ötən il sərgidə müxtəlif ölkələrdən 10600-ə yaxın şirkət təmsil olunub.
   
   * * *
   Bu ay iştirak edəcəyimiz ikinci böyük sərgi martın 20-dən 23-dək Moskvada keçiriləcək «MİTT-2013» sərgisidir. 78 kv m sahəsi olan milli stendimizdə ölkəmizin turizm imkanları haqqında məlumatları ziyarətçilərə nazirliyin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Seymur Həsənov çatdıracaq. Sərgidə turizm şirkətləri və hotellərdən «SW travel», «Millennium Tourism and Congress», «Spektr travel», «İmprotex travel», «Regea travel», «Turizm.az», «Billur tour», «RX travel», «Geo travel», «Gilan turizm», «Volcano travel», «Paşa travel», «Divan Express hotel», «Çinar Hotel & SPA Naftalan» və «Jumeirah Bilgah Beach hotel» iştirak edəcək. «Azərbaycan Hava Yolları» aviaşirkəti də «MİTT-2013»ün iştirakçıları arasında olacaq.
   Qeyd edək ki, dünyanın beş böyük turizm sərgilərindən olan MİTT bu il 20 illik yubileyini qeyd edəcək. Yubiley sərgisi bir sıra tədbirlərlə yadda qalacaq. Bu sırada keçiriləcək ən böyük tədbir isə turizm nazirlərinin sammitidir. Sərginin açılış günü - martın 20-də baş tutacaq sammitdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Tədbirdə beynəlxalq turizmin problemləri, turist daşımaları həcminin genişlənməsi və infrastrukturun inkişafı üçün zəmin, mədəni və milli xüsusiyyətlərin təbliği ilə səyahətə marağın artırılması, macəra turizminin inkişafı və ayrı-ayrı ərazilərin marketinqi və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.
   
   * * *
   Mart ayında ölkəmizin turizm imkanlarının nümayiş olunacağı daha bir sərgi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 27-29 mart tarixlərində gerçəkləşəcək «UİTT-2013» sərgisində Azərbaycan turizmi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 56 kvadratmetrlik lövhədə 30 adda reklam-çap məhsulları vasitəsilə nümayiş olunacaq. Nümayəndə heyətinə nazirliyin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu və Quba Rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev, eləcə də «Azərbaycan Hava Yolları», «SW travel», «Millennium Tourism and Congress», «Geo travel», «Regea travel», «Gilan turizm», «Volcano travel», «Viktoriy tour», «Divan Express hotel», «Çinar Hotel & SPA Naftalan» və «Jumeirah Bilgah Beach hotel»in əməkdaşları daxildir.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar