Olaylar, faktlar (6–9 oktyabr)

 

111 il əvvəl...

 

9 oktyabr 1912-ci ildə “Balkan ittifaqı”nda birləşən ölkələrin (Bolqarıstan, Yunanıstan, Serbiya, Çernoqoriya) Osmanlı imperiyasına qarşı müharibəsi başlayıb. Bir neçə əsr Osmanlının tərkibində olan bu ölkələr 1877-1878-ci illərin Balkan müharibəsi nəticəsində nisbi müstəqillik əldə etmişdi. Osmanlı ikinci Balkan savaşında da məğlub oldu və 1913-cü il mayın 30-da Londonda imzalanan sülh sazişi ilə bu əraziləri itirdi.

 

83 il əvvəl...

 

8 oktyabr 1940-cı ildə Hitlerin Avropada işğal yürüşü davam edib. Almaniya qoşunları Rumıniyanı işğal edib, Rumıniya kralı ölkədən qaçıb.

 

74 il əvvəl...

 

7 oktyabr 1949-cu ildə SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada müstəqil dövlətin – Almaniya Demokratik Respublikasının yarandığı elan edilib. Bundan öncə (23 sentyabr 1949-cu il) Qərb müttəfiqlərinin (ABŞ, Britaniya və Fransa) sektorunda Almaniya Federativ Respublikası yaranmışdı.

 

61 il əvvəl...

 

9 oktyabr 1962-ci ildə Britaniyanın Şərqi Afrikadakı protektoratı olan Uqanda müstəqilliyini elan edib.

 

55 il əvvəl...

 

10 oktyabr 1968-ci ildə İspaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini (Ekvatorial Qvineya Respublikası) elan edib.

 

42 il əvvəl...

 

6 oktyabr 1981-ci ildə Misir Prezidenti Ənvər Sədat Qahirədə keçirilən hərbi parad zamanı sui-qəsd nəticəsində öldürülüb. Misir rəhbəri İsraillə sülh bağlamasına görə terrora tuş gəlmişdi. 1978-ci ildə ABŞ-nin vasitəçiliyi ilə imzalanan sülh sazişinə əsasən, İsrail işğal etdiyi Sinay yarımadasını Misirə qaytarmış, Misir isə İsrail dövlətini tanımışdı. Bir sıra müsəlman dövlətləri Ənvər Sədatın addımını Fələstinin taleyinə xəyanət kimi qiymətləndirdi.

 

32 il əvvəl...

 

9 oktyabr 1991-ci ildə Ali Sovet “Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul edib. 1998-ci ilədək 9 oktyabr Azərbaycanda Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il Prezident Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaranma tarixi (26 iyun 1918-ci il) Silahlı Qüvvələr Günü kimi elan edildi.

 

31 il əvvəl...

 

9 oktyabr 1992-ci ildə Bakıda, “Azadlıq” meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.

 

26 il əvvəl...

 

9 oktyabr 1997-ci ildə Strasburqda Avropa Şurasının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib. Regional təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni məşvərətçi formatın – GUAM qrupunun yaradılması qərara alınıb.

 

10 oktyabr 1997-ci ildə Strasburqda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında keçilən görüşdən sonra iki lider bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk qrupu həmsədrlərinin “mərhələli həll” planını qəbul etdiklərini bildiriblər. Bundan sonra Ermənistanda Ter-Petrosyan əleyhinə çıxışlar başladı və o, 1998-ci ilin yanvarında istefa verdi.

 

22 il əvvəl...

 

7 oktyabr 2001-ci ildə ABŞ Əfqanıstanda antiterror əməliyyatına başlayıb. 11 sentyabr terroruna cavab olan və ABŞ-nin əksər müttəfiqlərinin iştirak etdiyi “Əyilməz azadlıq” adlı əməliyyat 2002-ci ilin yanvarında Əfqanıstanda “Taliban” rejiminin süqutu ilə başa çatdı. 2021-ci ildə amerikalılar Əfqanıstanı tərk etdikdən sonra “Taliban” yenidən hakimiyyətə qayıtdı.

 

10 il əvvəl...

 

9 oktyabr 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, 10 namizədin iştirak etdiyi seçkidə İlham Əliyev (YAP) 84,55 % səs toplayaraq üçüncü müddətə dövlət başçısı seçilib.

Hazırladı: V.Orxan