Dünya şöhrətli vokalçımız, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Avropa səhnələrində çıxışlarını davam etdirir. O, oktyabr ayında 5 dəfə Almaniyanın Berlin şəhərində Unter-Den-Linden Dövlət Operasında C.Verdinin “Aida” operasında Radames partiyasının ifasına dəvətlidir.
Teatrın portalında qeyd edildiyi kimi, budəfəki “Aida” tamaşası tam fərqli quruluşda hazırlanıb, operanın klassik təfsirindən xeyli seçilir. Rejissor Kaliksto Bieyto, dirijor Nikola Luisottinin birgə rəhbərliyi ilə hazırlanmış tamaşanın premyerası ayın 3-də oynanılıb. Növbəti tamaşalar 6, 9, 12 və 15 oktyabr tarixlərində oynanılacaq. Bu tamaşaların hamısında Yusif Eyvazov səhnəyə çıxacaq.
29 oktyabr, 1, 5 və 8 noyabr tarixlərində isə Vyana Dövlət Opera Teatrında C.Puççininin “Manon Lesko” operasından zövq almağa gələnlər Kavaler de Qrinin partiyasını Yusif Eyvazovun səsindən dinləyəcəklər. Operanın titul partiyasını isə Yusif Eyvazovun həyat yoldaşı, Azərbaycanın və Rusiyanın Xalq artisti Anna Netrebko ifa edəcək.
Gülcahan