Tədbirdə ölkəmiz də təmsil olunub

Fevralın 18-dən 21-dək İstanbulda Universitetlər Forumu keçirilib. 16 ölkədən 50-dən çox universitetin dekan, prorektor və rektorlarının iştirak etdiyi tədbirdə Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunub.

Forumda Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Bakı Dövlət Universitetinin xarici əlaqələr üzrə prorektoru, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, ingilis dili kafedrasının dekanı, Xəzər Universitetinin inkişaf departamentinin rəhbəri, Slavyan Universitetinin xarici tələbələr üzrə dekanı iştirak edib.
Eldar Aslanov bildirdi ki, Britaniya Şurası (British Couincl) tərəfindən təşkil edilən forum XXI əsrdə universitetlərin rəqabətə davamlılığı, ali məktəblərdə ingilis dilinin tədrisi məsələlərinə həsr olunmuşdu: «Çox maraqlı müzakirələr oldu. İlk növbədə ali məktəblərdə akademik ingiliscənin inkişaf etdirilməsi, bütün postsovet ölkələrində ingilisdilli, beynəlxalq nüfuza malik olan akademik jurnallarda çap olunma problemi araşdırıldı. Bu məsələ bizi də çox narahat edir. Azərbaycanlı elm adamlarının əsərlərinin beynəlxalq reytinqli akademik jurnallarda çap səviyyəsi çox aşağıdır. İngilis dilində məqalə yazan əməkdaşların sayı azdır. Bəs necə edək ki, bunu inkişaf etdirək? Tədbirdə postsovet ölkələri, Şərqi Avropa universitetləri, Türkiyənin bir neçə universitetinin təmsilçiləri vardı. Gəlinən qənaət o oldu ki, bu bütün ölkələrdə ümumi problemdir. Təklif olundu ki, ingilisdilli elmi əsərlər yazan müəllimlərin az olduğu ali məktəblərdə akademik ingilis dili mərkəzləri yaradılsın və ali məktəblər öz müəllimlərinə yazdıqları məqalələri ingilis dilinə çevirib müvafiq elmi mənbələrə göndərməsinə kömək etsin».
Forum zamanı ali məktəblərdə ingilis dilinin tədrisi ilə bağlı müzakirələrdə azərbaycanlı iştirakçılar da öz problemlərini qeyd ediblər: «Bildirdik ki, məsələn, bizim institutda 1100 tələbəyə ingilis dilində dərs verilir. Amma tələbələrin hamısı bu fəndən uğur əldə edə bilmir. Ən yaxşı halda 50-60 faiz tələbə ingiliscəni yaxşı mənimsəyir, bu dildən sərbəst istifadə edir və buna görə də məzun olduqdan sonra özünə uyğun iş tapır. Bütün postsovet ölkələrində analoji problem var. Tələbələrin əksəriyyəti qrammatikanı bilir, amma danışığa gələndə zəiflik var. Türkiyə, Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan nümayəndələrinin dediyinə görə isə, onlarda tələbələrin danışığı, kommunikasiyası yaxşıdır, amma qrammatikaları zəifdir. Bu məsələnin müzakirəsində maraqlı fikirlər səsləndi. Ali məktəblərin hansı pedaqoji üsullarla ingilis dilini tədris etməsi açıqlandı. Biz sovet təcrübəsindən gəldiyimizə görə daha çox qrammatikaya üstünlük veririk, nəinki tələbələrin dialoquna, mövzular ətrafında diskussiyalar təşkil etməyə. Yuxarıda adını çəkdiyim ölkələrdə isə əksinədir. Tövsiyə olundu ki, Britaniya Şurası bu iki məqamda balans saxlanmaqla tədris planları hazırlamaqda ali məktəblərə köməklik etsin. Ən vacibi, qərara gəlindi ki, bu tip konfranslar davamlı olsun. Britaniya Şurasının Bakı ofisinə də təklif etdik ki, gələcəkdə konfransa Azərbaycan da ev sahibliyi edə bilər».
Eldar Aslanov tədbirin faydasından danışaraq qeyd etdi ki, müzakirə olunan məsələlər ətrafında digər ölkələrin təcrübəsi ilə tanış olublar. Ayrı-ayrı ali məktəblərlə əməkdaşlıq, müxtəlif layihələrdə iştirakla bağlı razılıq əldə ediblər: «Ukraynanın Kiyev Beynəlxalq Turizm Universitetinin prorektoru ilə turizm təhsili sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə etdik. Onu yaxın günlərdə keçirəcəyimiz beynəlxalq konfransa dəvət etdim».

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar