Olaylar, faktlar (10–12 oktyabr)
531 il əvvəl...
12 oktyabr 1492-ci ildə Xristofor Kolumbun gəmiləri Amerika sahillərinə çıxıb. Ekspedisiyanın çıxdığı ilk ərazi indiki Baham adaları olub. Bu gün tarixə Amerikanın “kəşf” edilməsi günü kimi düşüb. Hərçənd Kolumbun dünya ekspedisiyası Hindistana səfər etməyi planlaşdırırdı və gəlib çıxdıqları torpaqların da Hindistan olduğunu zənn edirdilər. Bununla belə, Amerikanın kəşfi Kolumbun adı ilə bağlandı. 12 oktyabr ABŞ-da “Kolumb günü”, onun vətəni İspaniyada isə “İspan milləti günü” kimi qeyd edilir.
211 il əvvəl...
10 oktyabr 1812-ci ildə Birinci Rusiya-İran müharibəsinin (1894-1813) yekunlarına əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib. Döyüşdə qalib gələn ruslar Talış (Lənkəran) xanlığı ərazisinin böyük hissəsini işğal ediblər. Həmin ilin dekabrında Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan faktiki olaraq rusların nəzarətinə keçdi.
210 il əvvəl...
12 oktyabr 1813-cü ildə Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonunun ərazisi) yerləşən Gülüstan kəndində bağlanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları – Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı. Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib.
99 il əvvəl...
12 oktyabr 1924-cü ildə Ukrayna SSR tərkibində Moldaviya Muxtar Sovet Sosialist Respublikası təşkil olunub. Muxtar respublika indiki Moldovanın təxminən üçdəbirini əhatə edirdi. 1940-cı ildə Sovet İttifaqı tərəfindən Bessarabiya Rumıniyadan qoparıldı və bu bölgənin Moldaviya MSSR-lə birləşdirilməsi nəticəsində Moldaviya SSR (2 avqust 1940) yaradıldı.
55 il əvvəl...
10 oktyabr 1968-ci ildə İspaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini (Ekvatorial Qvineya Respublikası) elan edib.
31 il əvvəl...
12 oktyabr 1992-ci ildə Moskvada Rusiya və Azərbaycan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzalanıb. Prezidentlər Boris Yeltsin və Əbülfəz Elçibəy tərəfindən imzalanan sənəd iki ölkə arasında münasibətlərin sahmanlamasını vəd etsə də, bu, baş vermədi.
25 il əvvəl...
11 oktyabr 1998-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına əsasən, dövlət başçısı Heydər Əliyev 76,11 faiz səs qazanaraq ikinci dəfə prezident seçilib.
24 il əvvəl...
12 oktyabr 1999-cu ildə Pakistanda hərbi çevriliş baş verib. Quru qoşunlarının qərargah rəisi general Pərviz Müşərrəf hakimiyyəti ələ alıb. Baş nazir Nəvaz Şərif hakimiyyətdən kənarlaşdırılıb. 1999-2001-ci illərdə general Pərviz Müşərrəf “Müvəqqəti icra hakimiyyətinin rəhbəri” kimi ölkəyə başçılıq etdi, 2001-2008-ci illərdə prezident oldu. Hakimiyyətdən gedəndən sonra bir müddət mühacirətdə yaşadı və 2023-cü ilin fevralında Dubayda vəfat etdi.
Hazırladı: V.Orxan