6-15 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və “Paşa Holdinq”in baş sponsorluğu ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçirilir. Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə musiqisevərlərin zövqünü oxşayacaq.
Oktyabrın 6-da “UN 1906” klubunda festivalın ilk konserti keçirilib. Tədbir çərçivəsində cazsevərlərə Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər və azərbaycanlı ifaçıları canlı dinləmək imkanı verən musiqi yarmarkası təşkil edilib. Gün ərzində yarmarkaya gələn qonaqlara 3D fotoşəkillər və DJ Grafn səsləndirdiyi musiqi sədaları altında rəqs etmək imkanı da yaradılıb.
Oktyabrın 7-də festival çərçivəsində məşhur “Jazzanova” qrupu almaniyalı DJ Amir ilə birlikdə çıxış edib. Festivalda caz musiqisinin müxtəlif üslublarında musiqi nömrələri səsləndirilib. Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət proqram maraqla qarşılanıb.
Oktyabrın 9-da isə Beynəlxalq Muğam Mərkəzində gənc caz ifaçılarının iştirakı ilə “I am jazzman!” konserti təqdim edilib. Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalının ənənəvi tədbiri olan “I am jazzman!” müsabiqəsinin məqsədi ölkədə cazın təbliği və gənc istedadların üzə çıxarılmasıdır.
Konsertin aparıcısı Tofiq Həsənsoy Azərbaycan cazının tarixi və ənənələrindən söz açıb. Bu musiqinin ölkəmizdə inkişafına töhfə vermiş insanlar xatırlanıb.
Daha sonra səhnə gənc istedadların ixtiyarına verilib. Mədinə Paşayeva, Günel Hacıyeva, Cavanşir Abdullalı, Rəna Xanəlibəyli, Samir Səfərov, Nəzrin Cəfərova, Cozef Okparmen və başqaları dünyanın məşhur caz ifaçılarının repertuarlarından kompozisiyalar ifa ediblər. Gənclər cazın müxtəlif üslublarında bir-birindən maraqlı improvizələrlə dinləyicilərin alqışlarını qazanıblar.
Konsertin sonunda vokalçı-bəstəkar Qasım Xəlilov səhnəyə çıxaraq gənc istedadları təbrik edib. Diqqətə çatdırıb ki, festival çərçivəsində təşkil olunan proqram gənc musiqiçilərin yaradıcılığında mühüm yer tutur.
Daha sonra iştirakçılara festivalın diplomları təqdim olunub.
***
Oktyabrın 10-da festival konsertlərinin əsas səhnəsi olan Beynəlxalq Muğam Mərkəzində iki proqram təqdim olundu.
Dünyaca məşhur italyan musiqiçi, caz festivallarının laureatı Fabio Lepore öz kvarteti ilə müxtəlif caz üslublarında ifalarıyla festivala rəng qatdı. Qeyd edək ki, bu, Fabio Leporenin Bakıda ilk çıxışı deyil. O, İtaliyanın Bakıdakı səfirliyinin xətti ilə bundan əvvəlki festivallarda da parlaq çıxışları ilə cazsevərlərin yaddaşında qalıb.
Həmin gün daha bir konserti Moldovadan gələn qrup təqdim etdi. “Jazz’in Chisinau” layihəsi payızın parlaqlığını və ilhamını, bəstəkar Valeriu Kuleanın “Özünü itirmə”, “Yeni Moldova səsləri”, “Görməliyəm”, “Bazar səhəri” bəstələrində əks olunmuş yeni ideyalar və maraqlı musiqi sürprizlərini səhnəyə gətirdi.
***
Qeyd edək ki, builki festivalda 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret də Bakıya təşrif buyurub.
Bu il 18-ci dəfə təşkil edilən festivalın əsası 2005-ci ildə görkəmli caz musiqiçisi, Əməkdar artist Rain Sultanov tərəfindən qoyulub. Ötən müddətdə festival öz ənənələrini formalaşdırıb, ölkəmizdə və xaricdə musiqi ictimaiyyətinin diqqətini çəkə bilib.
Lalə Azəri