Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində oktyabrın 10-da iştirakçı ölkələrin kino sahəsi ilə bağlı məsul şəxslərini, kino xadimlərini bir araya gətirən zirvə görüşü təşkil olunub.
Toplantıda TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstandan müvafiq nazirliklərin rəsmiləri iştirak edirdilər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu qonaqları salamladı. Qeyd etdi ki, Türk dünyasının birləşməsi artıq regionda, o cümlədən beynəlxalq müstəvidə qədim bir mədəniyyətin yenidən dünya gündəminə gətirilməsidir: “Şübhəsiz ki, mədəniyyət bu inteqrasiyanın əsas amillərindən biridir. Mədəniyyətin ən mühüm qollarından biri olan kinematoqrafiya vasitəsilə bu missiyanın yerinə yetirilməsi, düşünürəm ki, heç kəsdə şübhə doğurmur. Mədəniyyət Nazirliyi olaraq həm dövlət-özəl münasibətlərinin formalaşmasına önəm verir, həm də türk xalqları, ümumiyyətlə isə dünya kinematoqrafiya məktəbləri ilə inteqrasiyanı diqqətdə saxlayırıq. Son zamanlar bizim yaratdığımız və bir sıra ölkələrlə birgə çəkdiyimiz filmlər artıq ekranlardadır. Bu gün biz Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər ölkələrin prodüser şirkətlərinin təqdim edəcəyi layihələri nəzərdən keçirəcəyik. Bu platformanın yaranması Türk dünyasının kinematoqrafiya sahəsində inteqrasiyasına xidmət edəcək”.
Daha sonra “113 gün”, “Proyekt 2602”, “Sən haralısan, durna?”, “Mərmər soyuğu”, “Himayədar”, “30 mövsüm səfərdə”, “Hadrut, sən azadsan”, “Nobel qardaşları”, “Qoçu”, “Sofiya” (hamısı Azərbaycan), “Mavi quş”, “Miras”, “Heyelan” (“Sürüşmə”), “İnsan”, “Xəyal quşu” (hamısı Türkiyə) və digər filmlərin təqdimatı oldu.
Azərbaycanlı rejissorlar İlqar Mehdi, Rafiq Hacıyev, İlkin Yusif, Tahir Əliyev, türkiyəli rejissorlar Ahmet Sönmez, Derviş Zaim, Nazif Tunç, Hilal Çelenk, Semih Kaplanoğlu, Murat Pay, qırğızıstanlı rejissor Talaibek Kulmendeev, özbəkistanlı rejissor Boxudir Adilov və başqaları öz kino layihələri barədə məlumat verdilər.
Bakı Media Mərkəzinin icraçı direktoru rejissor Orman Əliyev qurumun hazırladığı filmlər haqqında danışdı.
Festival komitəsinin sədri İhsan Kabil III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətindən bəhs etdi.
“TRT Sinema”nın rəhbəri Faruk Güvən qurumun fəaliyyəti, iş prinsipi haqqında məlumat verdi.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz türk kinosunun inkişafı barədə fikirlərini bölüşdü.
Tanınmış türkiyəli aktyor Sərdar Gökhan çıxışında tədbirdə iştirakından məmnunluğunu ifadə etdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
Nurəddin