İtaliyada yaşayan azərbaycanlı bəstəkarın əsəri

 

İtaliyada yaşayan azərbaycanlı bəstəkar Kəmalə Əlizadənin mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş “Üzeyir Hacıbəyli Şuşaya qayıdır” əsəri Bakıda təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bəstəkar kompozisiyanı Şuşa azad ediləndən dərhal sonra simli kvartet və fortepiano üçün yazıb. Üzeyir Hacıbəylinin azad yurda qayıdışını simvolizə edən əsər dahi bəstəkarın “Arşın mal alan” operettası və “Sənsiz” romansı mövzuları əsasında yazılıb.

“Şuşanın işğaldan sonra bəstəkara necə göründüyünü göstərmək istədim. Bu, dağılmış, bizim üçün darıxan Şuşadır”, – deyə K.Əlizadə vurğulayıb.

Qeyd edək ki, əsər bu yaxınlarda Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalında Kəmalə Əlizadə (fortepiano), Ceyla Seyidova (1-ci skripka), Soltan Məmmədov (2-ci skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıxın (violonçel) ifasında təqdim olunub.

Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun sinfini bitirmiş K.Əlizadə təhsilini İtaliyada (İstituto Superiore di Studi Musicali) davam etdirib. O, həyat yoldaşı, bəstəkar və musiqişünas Stefano Muskaritolo ilə birlikdə Azərbaycanla bağlı layihələr həyata keçirir.