Mixail Qusmanın Heydər Əliyev haqqında filmi təqdim olunub

 

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib. Ekran əsəri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında deyib: “Oktyabrın 10-u xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır  vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib”.

Mixail Qusman filmin adı barədə də danışıb: “Ekran əsəri “Liderin ürəyi” adlandırılıb, çünki Heydər Əliyev bütün həyatı boyu ürəyini qorumadan işləyib, özünü bütövlükdə doğma xalqına həsr edib...”.

“Heydər Əliyevin böyük arzusu idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün Qarabağda dalğalansın. 2020-ci il noyabrın 8-də Azərbaycan bayrağı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”, – deyə o bildirib.

Sonra “Liderin ürəyi” sənədli film nümayiş olunub.

Film Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.

Heydər Əliyev dünya siyasətində dərin iz qoyub. “Liderin ürəyi” sənədli filmi Mixail Qusmanın müxtəlif vaxtlarda Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı söhbətləri də ehtiva edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin diplomatiyası fəallaşıb. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da “Əsrin müqaviləsi”nin imzalanmasına gətirib çıxarıb.

Filmin nümayişinin sonunda Mixail Qusman ekran əsərinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, eləcə də arxiv materiallarının əldə edilməsindəki dəstəyə görə AzTV-yə, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürünü bildirib.

Sonra Xalq artisti, vokalçı Elçin Əzizov Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun fortepianoda müşayiəti ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rekviyem” mahnısını ifa edib. Qeyd edək ki, Polad Bülbüloğlu “Liderin ürəyi” filmi üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.

Polad Bülbüloğlu çıxış edərək deyib: “Ümummilli lider Heydər Əliyevin 100 illiyi Azərbaycanda və eləcə də digər ölkələrdə qeyd edilir. Bu onu göstərir ki, Heydər Əliyev bu gün də öz xalqını tanıdır”.

Qeyd edək ki, filmdə Heydər Əliyevin Mixail Qusmana verdiyi eksklüziv müsahibələri, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları yer alıb. Çəkilişlər Moskvada, Bakıda və Naxçıvanda aparılıb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanan sənədli filmin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.