Olaylar, faktlar (13–16 oktyabr)

 

196 il əvvəl...

 

13 oktyabr 1827-ci ildə II Rusiya-İran müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçirib. Ardınca general İvan Paskeviçin qoşunları Ərdəbil və Urmiyanı da işğal edib. Ruslar işğalı genişləndirməklə gələcək sülh müqaviləsində maksimum üstünlük əldə etmək niyyəti güdürdülər. 1828-ci ilin fevralında bağlanan Türkmənçay müqaviləsi bunu təsdiqlədi.

 

170 il əvvəl...

 

16 oktyabr 1853-cü ildə Krım müharibəsi başlanıb. Müharibədə Rusiya və ona qarşı Osmanlı, Britaniya və Fransa alyansı çıxış edirdi. 1856-cı il martın 30-da imzalanan Paris sülhünə görə, Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildi. Bessarabiyanın cənubu Osmanlıya verildi. Rusiya yalnız 1878-ci ildə Osmanlı ilə müharibədən sonra itirdiyi mövqeləri qaytara bildi.

 

143 il əvvəl...

 

13 oktyabr 1880-ci ildə Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci ildə (7 oktyabr) imzaladığı sərəncamla 13 oktyabr Azərbaycanda “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

 

102 il əvvəl...

 

13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası – Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəddə 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirildi, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbit edilmişdi.

 

100 il əvvəl...

 

13 oktyabr 1923-cü ildə Ankara Türkiyənin yeni paytaxtı elan edilib. Paytaxtın İstanbuldan Ankaraya köçürülməsi Mustafa Kamal Atatürkün təşəbbüsü idi. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin toplandığı və xalqın qurtuluş mücadiləsinin idarə olunduğu şəhər yeni Türkiyənin mərkəzi halına gəlmişdi.

 

99 il əvvəl...

 

14 oktyabr 1924-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Mərkəzi Asiyada milli-ərazi bölgüsü ilə bağlı müvafiq qərarından sonra RSFSR tərkibində Qara-Qırğız muxtar vilayəti yaradılıb. Muxtar vilayət 2 il sonra muxtar respublikaya, 1936-cı ildə isə Qırğızıstan SSR-ə çevrildi. Eyni gündə Özbəkistan SSR tərkibində Tacikistan MSSR yaradılıb. 1929-cu ildə muxtar respublika Tacikistan SSR-ə çevrildi. Stalinin Mərkəzi Asiyada apardığı ərazi bölgüsü 1936-cı ildə yekunlaşdı.

 

20 il əvvəl...

 

15 oktyabr 2003-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına görə, səsvermədə seçicilərin 71 faizi iştirak etmişdi. Baş nazir İlham Əliyev 76,84 faiz səs qazanaraq ölkənin yeni prezidenti seçildi.

Hazırladı: V.Orxan