Azərbaycan

 

18 oktyabr 1926 – Teatr rejissoru, pedaqoq Nəsir Müseyib oğlu Sadıqzadə (1926-1996) Şuşada anadan olub. Akademik Dram, Gəncə, Sumqayıt və b. teatrlarda çalışıb, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Filmlərdə (“Qətl günü”, “Bəxt üzüyü” və s.) çəkilib.

18 oktyabr 1949 – Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 – 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ teatrını yaradıb. Filmlərdə çəkilib: “Qəm pəncərəsi”, “Otel otağı” və s.

 

19 oktyabr 1898 – Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) Bakıda anadan olub.

19 oktyabr 1932 – Əməkdar incəsənət xadimi, rəssam Sara Məmmədağa qızı Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

19 oktyabr 1962 – Əməkdar rəssam, heykəltaraş Seyfəddin Əli oğlu Qurbanov (1962 – 16.11.2021) Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulub. Ukraynada yaşayıb, bu ölkənin Xalq rəssamı adına layiq görülüb. İmadəddin Nəsiminin Kiyevdə ucaldılan (2019) heykəlinin müəllifidir.

19 oktyabr 1972 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib.

19 oktyabr 1995 – Prezident Heydər Əliyev görkəmli müğənni, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Rəşid Behbudovun anadan olmasının 80 illiyi haqqında sərəncam imzalayıb.

19 oktyabr 2005 – Prezident İlham Əliyev görkəmli xalçaçı-rəssam Kamil Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

20 oktyabr 1905 – Yazıçı Leo (Lev) Abramoviç Nusenbaum (Nussimbaum; 1905 – 27.8.1942) Bakıda anadan olub (bəzi mənbələrə görə, Kiyevdə doğulub, bir yaşında ikən ailəsi Bakıya köçüb). 1920-ci ilədək Azərbaycanda yaşayıb, sovetləşmədən sonra Avropaya mühacirət edib. Məhəmməd Əsəd bəy, Qurban Səid təxəllüsləri ilə yazıb. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir.

20 oktyabr 1906 – Əməkdar artist İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi; 1906-1961) Bakıda doğulub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.

20 oktyabr 1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Akademik Opera və Balet Teatrında fəaliyyət göstərib.

20 oktyabr 1913 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə;  1913 – 27.9.1977) İrəvanda doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

20 oktyabr 1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917 – 4.5.1975) Tiflisdə doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

20 oktyabr 1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.

20 oktyabr 1995 – Əməkdar artist Mustafa Hüseyn oğlu Sərkarov (1905-1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.

 

Dünya

 

18 oktyabr 1859 – Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson; 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.

18 oktyabr 1926 – Amerika müğənnisi və bəstəkarı, rok-n-rollun ilk ifaçılarından biri Çak (Çarlz) Berri (Charles Edward Anderson Berry; 1926-2017) anadan olub.

 

19 oktyabr 1899 – Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias; 1899-1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.

 

20 oktyabr 1854 – Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854-1891) anadan olub.

20 oktyabr 1919 – Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

Hazırladı: V.Orxan