İstiqlal Muzeyində sərgi

 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Sabaha qalmayan qisas” adlı tədbir-sərgi keçirilib.

Qeyd edək ki, ölkə başçısının Zəfər muzeyinin və Memorial kompleksin yaradılması barədə imzaladığı sərəncamın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, 2021-ci ildən Azərbaycan İstiqlal Muzeyi tərəfindən şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.

Bu qəbildən növbəti tədbirdə şəhid mayor Rəşad Budaqovun, şəhid əsgər Səbuhi Əsədovun, şəhid leytenant Elzar Yusubovun, şəhid gizir Orxan Cabbarovun, şəhid əsgər Qardaşxan Əhmədlinin və şəhid çavuş Taleh Namazovun ailə üzvləri iştirak ediblər.

İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli layihə barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur.

Sonra muzeyin fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlərinə baxış olub.