“Ümumtürk mədəniyyətini dünyaya təbliğ etmək üçün belə bir ortaq platforma vacib idi”

 

Xəbər verdiyimiz kimi, 13-14 oktyabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilib. Forumda rəsmi şəxslər, Türk dünyası təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

Oktyabrın 13-də forumun açılış mərasimində əvvəlcə “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunmuş videoçarx nümayiş etdirildi, “Dərvişlər” adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

Açılış nitqi söyləyən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli qeyd etdi ki, I Türk Dünyası Mədəniyyət Forumunun Şuşada keçirilməsi əlamətdar hadisədir: “Forum bütün türk mədəniyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Şuşamız, Qarabağımız, bütün Azərbaycan öz Zəfər təntənəsini yaşayır. Artıq üçüncü ildir Şuşada geniş quruculuq işləri həyata keçirilir. Ötən ay – 19-20 sentyabr tarixlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz cəmi 24 saat ərzində Qarabağdakı Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin terror əməllərinə birdəfəlik son qoydu. Bununla da Azərbaycan bütün ərazisində suverenliyini təmin etmiş oldu. Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, bütün dünyada sülhün, sabitliyin tərəfdarı kimi çıxış edir, bu istiqamətdə əməli addımlar atır”.

Forumun əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirdi ki, ortaq türk mədəniyyətini dünyaya təbliğ etmək üçün belə bir platforma vacib idi: “Düşünürük ki, forum qardaş xalqlarımızın mədəni əməkdaşlığının dərinləşməsində, qədim mirasımızın qarşılıqlı şəkildə təbliğatına öz töhfəsini verəcək. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev türk xalqlarının birliyi uğrunda yorulmadan çalışıb. Məhz buna görə də forumun Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilməsi təsadüfi deyil”.

TÜRKSOY-un baş katibi Sultan Raev növbəti dəfə Şuşaya gəlişindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, Şuşa Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və s. kimi neçə-neçə söz-sənət xadiminin evidir: “Şuşa həm də bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Şuşa Azərbaycandır! Şuşa Türk dünyasıdır!”.

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev çıxışında qeyd etdi  ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi, Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi bütün Türk dünyası üçün böyük önəm daşıyır. O, türk dövlətlərinin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Er Şuşanın türk təşkilatlarını, qardaş respublikaların müvafiq qurumlarının rəhbərlərini bir araya gətirməsinin rəmzi məna daşıdığını vurğuladı: “İşğaldan azad edildikdən qısa müddət sonra burada aparılan geniş bərpa və quruculuq işləri Şuşanı keçmişdəki şöhrətinə qovuşdurmaqdadır. Artıq bu füsunkar şəhər mötəbər tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi edir.

Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Şahin Mustafayev də Azərbaycanın tarixi qələbəsinin bütün Türk dünyasının zəfəri olduğunu bildirdi. “30 ilə yaxın işğal dövründə düşmən tərəfindən dağıdılan bu torpaqlar Azərbaycan dövləti tərəfindən yenidən qurulur. Biz bunları türk dövlətləri ilə bir yerdə edirik. Hazırda Şuşada keçirilən bu forum ortaq mədəni dəyərlərimizin təbliğinə mühüm töhfə olacaq”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirdi ki, Ulu öndər Heydər Əliyev türk xalqlarının birliyi naminə mühüm işlər görüb: “Türk dövlətləri artıq tək millət, 6 dövlətə doğru uğurla addımlamaqdır. Bu, Heydər Əliyevin dühası işığında gəlib çatıla bilən ən böyük zirvədir. Forumun Ümummilli liderimizin 100 illiyinə həsr olunması “Heydər Əliyev İli”nə mühüm töhfədir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxışında Şuşada anadan olmasa da, özünü şuşalı hiss etdiyini dedi: “Çox şadam ki, bu yaşımda Şuşanın azad olunduğu günü gördüm. Hazırda Şuşa günü-gündən gözəlləşir, abadlaşır. Mən həmişə deyirəm ki, bu Qələbənin bir babası, bir də atası var. Bu Zəfərin babası Heydər Əliyev, atası isə Prezident İlham Əliyevdir”.

Çıxışlardan sonra xatirə şəkilləri çəkdirildi. Forum işini panel sessiyalarla davam etdirdi.

 

Türk dilləri və ədəbiyyatları: diferensiasiya və inteqrasiya

 

Forumun “Türk dilləri və ədəbiyyatları: Diferensiasiya və inteqrasiya” adlı ilk paneli Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun moderatorluğu ilə keçdi.

Paneldə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyası dövlətləri arasında ədəbi inteqrasiya kontekstində ortaq ədəbi dilin yaradılmasının vacibliyini bildirdi.

Qazaxıstanın Al-Farabi Universitetinin rektoru Zhanseit Tuimebayev, türkiyəli alim Mustafa İsen, Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru Abduldazhan Akmataliev, Ege Universiteti Ədəbiyyat fakültəsinin professoru Yavuz Akpınar, professor, filologiya elmləri doktoru Boboxon Şaripov, Avrasiya Yazıçılar Birliyinin sədri Yakub Ömeroğlu mövzu üzrə fikirlərini bölüşdülər.

Diqqətə çatdırıldı ki, türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması günümüzdə çox böyük əhəmiyyət kəsb edir. Bunun üçün isə ortaq əlifba və dərsliklərin hazırlanıb nəşr edilməsi qarşıda duran vacib vəzifələrdəndir. Vurğulandıki, Azərbaycan dili, qazax türkcəsi və digər türkcələr istər söz ehtiyatının zənginliyi, istərsə də qrammatik quruluşu baxımından ortaq dil olma potensialına sahibdir.

 

Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr

 

Forumun ikinci günü, oktyabrın 14-də “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” mövzusunda panel keçirildi.

Paneldə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirdi ki, otuzillik işğaldan azad edilən ərazilərə Böyük Qayıdış prosesində başlıca məqamlardan biri də mədəniyyətin, mədəni-mənəvi irsimizin qaytarılması olacaq. Bu yerlərdə infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələri ilə bağlı mühüm işlər də görülür, tarixi abidələr, məscid və məqbərələr, ev-muzeyləri bərpa edilir. Mədəni irsin bərpası zamanı abidələrin ilkin simasına qaytarılması, bədii-estetik xüsusiyyətlərin qorunması və onların müasir şəhərsalma prosesi çərçivəsində nəzərə alınması xüsusi əhəmiyyətə malikdir.

Qazaxıstanlı akademik, bərpaçı alim Krım Altınbekov “Tamqalı petroqliflərinin mühafizə olunması ilə bağlı strategiya və üsullar”, Qırğızıstan Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnologiya İnstitutunun elmi işçisi Aidai Sulaymanova “Saymaluu-Taş” qayaüstü rəsm abidəsinin sənədləşdirilməsi təcrübəsi”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Əmlakları və Muzeylər Baş İdarəsinin müdiri Zeynep Gül Ünal “Mədəni irsin birləşdirici gücü”, Özbəkistan Elmlər Akademiyası Təsviri İncəsənət İnstitutunun Memarlıq şöbəsinin müdiri Mavlyuda Yusupova “Mərkəzi Asiyanın müqəddəs yerlərinin memarlıq orijinallığının qorunmasının aktual problemləri”, Özbəkistanda Qaraqalpaq Humanitar Araşdırmalar İnstitutunun şöbə müdiri Aysulu İskanderova “Özbəkistan arxeologiyasında mədəni irsin qorunması təcrübəsi”, türkiyəli arxeoloq İbrahim Barış Sarıca “Türkiyədə mədəni irsin qorunması və qeyri-qanuni ticarət fəaliyyətləri ilə mübarizə”, Özbəkistan Milli Universitetinin professoru Niginakhon Şermuxamedova “Türk maddi mənəvi məkanının tərkib hissəsi kimi Özbəkistanın memarlıq irsinin xüsusiyyətləri” mövzularında çıxış etdilər.

 

Mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq

 

Forumun sonuncu panelı yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafına həsr olunmuşdu.

Paneldə aparılan müzakirələr barədə Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov məlumat verdi. Bildirdi ki, yaradıcı sənayelərin inkişafı olduqca vacib bir istiqamətdir. Hazırda mədəniyyətin təbliğatı, inkişafı barədə sessiyada təcrübə mübadiləsi aparılıb, maraqlı layihələr barəsində məlumatlar paylaşılıb. Artıq Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumu yeni layihələrə, təşəbbüslərə start verir.

Rəşad Əzizov onu da qeyd etdi ki, indiki dövrdə yeni texnologiyaların, innovasiyaların tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi mədəniyyət və yaradıcılıq sahəsində də mühüm yer tutur. Bu sahədə əməkdaşlıq artırılmalıdır və Mədəniyyət Nazirliyi hazırda bu proseslərə xüsusi diqqət yetirir. Qısa müddətdə nəinki ölkədaxili, eyni zamanda, digər türkdilli ölkələrlə birgə müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

***

Oktyabrın 14-də, I Türk Dünyası Mədəniyyət Forumunun sonunda Şuşa Bəyannaməsi qəbul edildi. Bəyannamədə Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası Mədəniyyət Forumunun mühüm universal platforma kimi uğurlu olduğu vurğulanır və iki ildən bir keçirilməsini təklif edilir.

***

I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları oktyabrın 14-də Şuşa şəhərinin tarixi məkanları və görməli yerləri ilə də tanış oldular. Qonaqlar Cıdır düzünü gəzdilər, Molla Pənah Vaqifin məqbərəsini, Mehmandarovların malikanə kompleksinu, Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər, Mir Möhsün Nəvvab Qarabağiyə həsr edilmiş sərgiyə baxdılar.

Forumun ilk günü Şuşa Otel-Konqres Mərkəzində iştirakçılar üçün “Dövri səda” adlı konsert proqramı da təşkil edilmişdi. Konsert böyük maraqla qarşılandı.

Nurəddin
Bakı-Şuşa-Bakı