Mədəniyyət Nazirliyinin dəstəyi və “Paşa Holdinq”in baş sponsorluğu ilə 6-15 oktyabr tarixlərində gerçəkləşən XVIII Bakı Beynəlxalq Caz Festivalı da sənət tarixinə qovuşdu. 10 gün ərzində paytaxt sakinləri və şəhərimizin qonaqları dünyanın müxtəlif şəhərlərindən ölkəmizə təşrif buyuran tanınmış ifaçıları dinləmək imkanı qazandılar. 

Festival gündəliyində maraqlı konsertlərdən biri də oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Qremmi” mükafatı laureatı,  isveçrəli ifaçı və bəstəkar Qreqori Maret və Kolumbiya əsilli caz arfa virtuozu Edmar Castanedanın çıxışı idi.

Maret son on ildə müasir caz dünyasının geniş spektrində unikal yeni səsə çevrilib. Seçdiyi alətin-harmonikanın bu janrda nisbi nadir olması onun qeyri-adi səsinin elementlərindən biridir. Edmar Kastaneda caz ənənəsini müxtəlif üslub və janrlarla mükəmməl birləşdirən parlaqlığı nümayiş etdirir və diqqəti caz üçün nisbətən yad sayılan alətə yönəldir. Kastaneda arfanın cazdakı yerini Stinq, Bela Flek, Con Skofild, Rikki Li Cons, İvan Lins kimi tanınmış dünya ulduzları əməkdaşlıq vasitəsilə möhkəmləndirib.

BMM-də festivalın daha bir maraqlı konserti amerikalı caz və rep ifaçısı Theo Crokerin çıxışı oldu. Onu klavişli alətlərdə Mike King, elektrogitarada Eric Ueller, zərb alətlərində Shekvaga Ode müşayiət edirdi.

Bakı Caz Festivalı çərçivəsində daha bir konsert oktyabrın 14-də Heydər Əliyev Mərkəzində keçirilib.

Braziliyalı musiqiçi Mario Bakunanın konsertindən əvvəl Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi nümayiş olunub.

Sərgi ilə tanışlıqdan sonra braziliyalı musiqiçi Mario Bakunanın “Braziliya mənzərələri” adlanan konserti təqdim edilib. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir. Onu da qeyd edək ki, braziliyalı bəstəkar, aranjimançı, müğənni və gitara ifaçısı Mario Bakuna Londonda yaşayır və 20 ildir dünya səhnələrində çıxış edir.

Beləliklə, XVIII Bakı Beynəlxalq Caz Festivalı növbəti dəfə bu musiqinin peşəkar və pərəstişkarlarına əsl caz-karnaval bəxş etmiş oldu.

Lalə