«Şahdağ» Qış-Yay Turizm Kompleksinə 10 mindən çox insan səfər edib
   
   Azərbaycanın regionlarında turizm infrastrukturu müasir tələblərə cavab verən səviyyədə qurulduqca, istirahət üçün bölgələrimizi seçən insanların sayı da artır. Budəfəki Novruz bayramı günlərində də bölgələrə səfər edən insanların sayında artım müşahidə olunub.
   
   Bu xüsusilə Qusar rayonunda yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksinə gələn ziyarətçilərin sayında özünü göstərib. Kompleksin mətbuat katibi Nərminə Rüstəmzadənin qəzetimizə verdiyi məlumata görə, bayram günlərində buraya istirahətə 10 mindən çox insan, o cümlədən xarici turistlər gəlib.
   N.Rüstəmzadə onu da qeyd etdi ki, aprelin əvvəlində artıq Şahdağda qış mövsümü yekunlaşacaq.
   Qeyd edək ki, ötən ilin dekabrında kompleksin birinci mərhələsi üzrə infrastruktur obyektləri qismən istifadəyə verilib. Burada 80 nəfərlik hotel, restoran, bar və idman zalları fəaliyyət göstərir.
   «Şahdağ» Qış-Yay Turizm Kompleksi yay fəslində də turistləri qəbul edəcək. Belə ki, yayda mərkəzdə atçılıq və dağ velosiped idman növünün, eləcə də motosiklet yarışlarının təşkili nəzərdə tutulub. Yayda kompleksə daxil olan 364 nəfərlik 4 ulduzlu «Şahdağ Resort SPA» hotelinin açılışı nəzərdə tutulur.
   Bayram günlərində Qəbələ rayonuna gələn turistlərin sayı da artıb. Paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə bölgə ilin bütün fəsillərində turistlərin sevimli məkanıdır. Qəbələ Mədəniyyət və Turizm Şöbəsindən verilən xəbərə görə, Novruz günlərində rayonda əsl bayram həyəcanı yaşanıb, bütün hotellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub. Qonaqların istirahətinin mənalı təşkili üçün hotellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edib.
   Qəbələyə gələn turistlərin əksəriyyəti isə Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, Ukraynadan olub. Bir həftə ərzində rayona 3 minə yaxın yerli və xarici qonaq gələrək istirahət edib.
   Qeyd edək ki, ötən il rayona gələn turistlərin sayı 42 mindən yuxarı olub. Bu rəqəmin 10 minə yaxınını xarici turistlər təşkil edib. Hazırda rayondakı hotel və turizm yerləşdirmə yerlərində gündə 1300 nəfərin istirahət etməsi üçün lazım olan bütün şərait var.

   Fəxriyyə Abdullayeva