Meksikada yaşayan musiqiçi həmvətənlərimiz – Mexiko Ştatı Simfonik Orkestrinin solisti Nana Babayeva və orkestrin üzvü Çingiz Məmmədov (hər ikisi skripka ifaçısı) konsert proqramı ilə çıxış ediblər.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.

Mexiko şəhərindəki Milli Mədəniyyət Mərkəzində Rodriqo Masiasın dirijorluğu ilə keçirilən konsertdə rus bəstəkarı İqor Stravinski və avstriyalı bəstəkar Anton Bruknerin əsərləri səsləndirilib.

Konsertin açılışında bəstəkar İ.Stravinskinin ritmik mürəkkəbliyi ilə seçilən “Skripka konserti”ni böyük ustalıqla ifa edən Nana Babayeva alqışlarla qarşılanıb.