Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində ABŞ-də yaşayan tanınmış pianoçu Tatyana Yudeniç tərəfindən müəllimlər üçün ustad dərsi keçirilib.

Ustad dərsi amerikalı pianoçu Stanislav Yudeniçin rəhbərlik etdiyi “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində gerçəkləşib. Layihənin ölkəmizdə reallaşmasına Diasporla İş üzrə Dövlət Komitəsi dəstək olub.

Ustad dərsində baş idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fortepiano ixtisası üzrə müəllimləri iştirak ediblər. Dərs zamanı T.Yudeniç şagirdlərin ifasını dinləyib və onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, ustad dərslərinin keçirilməsində məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasına, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Xatırladaq ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi üzrə 10-14 oktyabr tarixlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli rus bəstəkar Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş silsilə konsertlər keçirilib.