Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində teatr kollektivlərinin regionlarda qastrol çıxışları davam edir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 19-da Mingəçevir şəhərində qonaq olub.
Yaradıcı kollektiv Mingəçevir Dövlət Dram Teatrının səhnəsində italyan dramaturqu Pepino de Filipponun "Don Rafaello-trombonçu" əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirib.
Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Ramil Məmmədov, Aydın Dəmirov iştirak ediblər.
Səhnə əsəri mingəçevirli sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan qastrol səfərinə və təqdim edilən tamaşaya görə paytaxt kollektivinə minnətdarlığını bildirib.