Tvinninq layihəsi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin imkanlarını gücləndirəcək
   
   Aprelin 4-də Bakıda işə başlayan XII Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi («AİTF-2013») çərçivəsində «Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» mövzusunda Tvinninq layihəsinin təqdimat konfransı keçirildi.
   
   Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdə turizmin sürətli inkişafı yeni modellər və yeni yanaşma tələb edir: «Ona görə də qabaqcıl təcrübəni tətbiq etmək üçün daim müxtəlif yollar axtarırıq. İndiyə qədər bir neçə proqram və layihələr həyata keçirmişik. Müxtəlif beynəlxalq təşkilatlarla müzakirələr aparırıq.
   Turizmin inkişafı üzrə bir neçə dövlət proqramını uğurla həyata keçirildiyini vurğulayan nazir bildirdi ki, əsas məqsəd turizmin inkişafına nail olmaqdır: “Azərbaycan artıq çox cəlbedici və maraqlı turizm məkanına çevrilməkdədir. Ölkə iqtisadiyyatında turizm sahəsi ən prioritet istiqamətdir. Bu həm ölkə Prezidentinin, həm də Azərbaycan cəmiyyətinin gələcəyə baxışıdır. Təbii ki, bu gün turizm sənayesi yeni texnologiyalar, kommunikasiya vasitələri olmadan inkişaf edə bilməz. Odur ki, turizm sənayesində elektron bələdçilik inkişaf etməlidir. Ona görə də aprelin 3-dən etibarən Azərbaycana gəlmək istəyənlər üçün elektron vizaların verilməsinə başlanılıb. Dünya turizmindəki yeni strateji vəziyyət bizi çevik düşünməyə və daha effektiv addımlar atmağa sövq edir. Avropa İttifaqı tərəfindən yeni innovasiya sistemlərinin yaradılması və idarəetmənin güclənməsi istiqamətində layihənin maliyyələşməsi turizmin inkişafı baxımından böyük nəticədir. Buna görə quruma öz təşəkkürümüzü bildiririk. Tvinninq layihəsinə dəstək verən Avstriya və Litvanı etibarlı tərəfdaşımız kimi görürük. Həm Avropa İttifaqının, həm də Dünya Turizm Təşkilatının tövsiyələri paralel şəkildə həyata keçirilir və bütün bunlar bir-birini tamamlayacaq. Bu bizə imkan verəcək ki, Azərbaycanı dünya turizm xəritəsində qabaqcıl yerlərdən birinə gətirib çıxaraq».
   Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirdi ki, qurum adından çıxış edən Avstriya Federal Təchizat Agentliyi (FTA) və Litva Dövlət Turizm Departamenti və benefisiar olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Tvinninq layihəsinin icrasına başlayır: «Bu, çox məhsuldar bir layihədir. Layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatının diversifikasiya prosesində ölkənin turizm sektorunun göstəricilərini yaxşılaşdırmaqdır. Azərbaycanda bu layihənin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki biz bu ölkənin turizm imkanlarından xəbərdarıq. İndiyə qədər 20 ölkədə Tvinninq layihəsini reallaşdırmışıq, bütün nəticələr də yüksək olub. Ümidvarıq ki, layihə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığı daha da gücləndirəcək».
   Avstriyanın Azərbaycandakı səfiri Silvia Meier-Kaybic qeyd etdi ki, onun ölkəsinin turizm sahəsində böyük təcrübəsi var və bunu Azərbaycanın turizm təmsilçiləri ilə bölüşməyə hazırdırlar: «Azərbaycanın gözəl hotelləri, dadlı mətbəxi, rəngarəng təbiəti, qonaqpərvər xalqı var. Turizmin inkişafı üçün bundan əlverişli şərait ola bilməz. Bu yaxınlarda «Şahdağ» turizm kompleksinə getmişdim. Burada xizək sürmək təcrübəsi belə olmayan minlərlə azərbaycanlı turistin necə böyük maraq və həvəslə bu turizm növü ilə məşğul olduğunu gördüm. Bu fakt sübut edir ki, Azərbaycanda turizmin bütün növləri inkişaf edə bilər».
   Litvanın Azərbaycandakı səfiri Arturas Zurauskas layihənin Azərbaycanda turizm sektorunun inkişafına öz töhfəsini verəcəyini bildirdi. Onun sözlərinə görə, layihə həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsinə və turizm şöbəsinin fəaliyyətinin gücləndirilməsinə yardım edəcək: «Layihə ölkələr arasında əməkdaşlığı gücləndirir. Bu mənada Azərbaycan bizim dəstəyimizə həmişə arxayın ola bilər».
   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxışında Azərbaycanda turizmin inkişafından söz açdı. Qeyd olundu ki, turizmdə dövlət və özəl sektorun əməkdaşlıq mexanizmlərinin qurulması, turizm fəaliyyətinə təsir göstərən digər dövlət orqanları ilə əməkdaşlığın yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri vacib əhəmiyyət kəsb edir. Bütün bunlar Mədəniyyət və Turizm Nazirliyinin gündəmindədir.
   Tvinninq layihəsinin əhəmiyyətindən danışan nazir müavini bildirdi ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 900 min avro təşkil edən layihə 4 komponentdən - səyahət və turizm rəqabət indeksində Azərbaycanın tutduğu yeri (78-ci yer) daha da yaxşılaşdırmaq, nazirliyin Turizm şöbəsinin turizm sənayesi nümayəndələri tərəfindən daha da pozitiv qiymətləndirilməsini təmin etmək, yeni dövlət və özəl investisiyaları cəlb etmək, Azərbaycana turist axını və bundan əldə olunan gəlirlərin artmasını təmin etməkdən ibarətdir.
   Tədbirdə o da bildirildi ki, Tvinninq layihəsi 15 ay müddətində icra olunacaq. Bu müddət ərzində Avstriya və Litvadan olan mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi ilə əməkdaşlıq edəcək. Həmçinin şöbənin əməkdaşları üçün Avstriya və Litvaya təcrübə və müqayisə məqsədli səfərlər təşkil olunacaq. Layihənin sonunda Azərbaycanda yerləşən bir turizm zonası seçiləcək və bu zonanın biznes və investisiya potensialını gücləndirmək üçün layihə üzvləri tərəfindən ətraflı təhlil aparılacaq.
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar