Əsas mükafat Vaqif Mustafayevin “Fikrət Əmirov” filminə verilib
19-22 oktyabr tarixlərində Ankarada VIII Türk Dünyası Sənədli Film Festivalı keçirilib. Türk Dünyası Jurnalistlər Birliyinin təşkil etdiyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlar Başqanlığı (YTB), Türk Dünyası Bələdiyyələr Birliyinin, eləcə də bir sıra QHT, universitet və digər qurumların dəstək verdiyi layihə bu il “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında gerçəkləşib. Bu isə o deməkdir ki, festivalın mükafatçı filmləri doqquz ölkənin şəhərlərində nümayiş olunacaq.
Builki festivala ümumilikdə 371 müraciət olub. Onlardan müsabiqənin şərtlərinə uyğun 152 sənədli film seçilərək qəbul edilib. Yekun olaraq tammetrajlı sənədli film yarışması üçün 10, qısa filmlər bölməsi üzrə 13, tələbə filmləri üzrə 8 ekran işi final proqramına salınıb. Festivalın beynəlxalq münsiflər heyətinə türkiyəli rejissor Ferda Gürcan rəhbərlik edib.
Festivalın finalçı filmləri Ankarada Başkənd və Yaxın Şərq Texniki universitetlərində nümayiş olunub.
Oktyabrın 22-də festivalın yekunları elan olunub və mükafatlandırma mərasimi keçirilib.
Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demir festival barədə məlumat verib, layihəyə dəstək verən qurumlara minnətdarlığını bildirib.
Sonra mükafatçıların adları açıqlanıb.
“Tammetrajlı sənədli film” kateqoriyası üzrə Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi qalib olub.
“Qısa film” kateqoriyasında İran rejissoru Erturan Nəcəfi “Novruz”, “Tələbə sənədli filmi” kateqoriyasında isə Şeyda Kiran (İngiltərə) “Çayımızı toplayırıq” (Harvesinğ Our Tea) filmi ilə qalib seçilib.
Türk dünyasına verdiyi töhfələrə görə Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin mərhum sədri Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş xüsusi mükafat da təqdim olunub. Mükafata rejissor Nazgül Kenzhetay (Xakasiya) “Bir Tuğan” filminə görə layiq görülüb.
Bundan əlavə, tammetrajlı sənədli film üzrə münsiflər heyətinin xüsusi mükafatına Laləxanım Qənbərli (Azərbaycan. “Böyük qırmızı ev” filmi) və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunmuş xüsusi mükafata Hüseyn Özden (Türkiyə, “Zəlzələ və Ovakəndli özbəklər” filmi) layiq görülüblər.
Əsas mükafatı alan kinorejissor Vaqif Mustafayev festivalın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib. O, mükafatın dəyərini ifadə edərək deyib: “Hazırda əlimdə tutduğum mükafatın ağırlığı ona verilən əməyin, sevginin ağırlığıdır”.
Xatırladaq ki, sənədli film 2022-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi əsasında Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
Mükafatları qaliblərə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və digər təşkilatların nümayəndələri təqdim ediblər.
Tədbir zamanı Azərbaycan Kinematoqrafçilar İttifaqı idarə heyətinin üzvü, rejissor Tahir Tahiroviçin təşəbbüsü ilə “Azərbaycanfilm” kinostudiyasının yaranmasının 100 illiyi münasibətilə filmlərimizin plakat-afişalarını əks etdirən sərgi də təşkil edilib.
Qeyd edək ki, VIII Türk Dünyası Sənədli Film Festivalının mükafatlarına layiq görülən ekran işlərinin “Doqquz ölkə, doqquz şəhər” ünvanlı nümayişi Azərbaycandan başlayacaq. İlk nümayişin oktyabrın 25-də Bakı Dövlət Universitetində keçirilməsi nəzərdə tutulur.