Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Malayziyadakı səfirliyimizin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri 20-22 oktyabrda Kuala Lumpur şəhərində keçirilmiş “Yaşayan incəsənət” mədəniyyət festivalında ölkəmizi təmsil ediblər.
Səfirlikdən bildiriblər ki, Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş festivalda Azərbaycanla yanaşı, Argentina, Belarus, Filippin, Hindistan, İndoneziya, Qazaxıstan, Mavriki adası, Meksika, Misir, Şri-Lanka və Özbəkistanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli musiqi növlərində ifaları və rəqsləri nümayiş olunub. Azərbaycan bu festivalda ilk dəfə iştirak edib.
Tədbirin təşkilatçıları uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkür ediblər.
Azərbaycanlı ifaçılar çıxışları ilə festivala xüsusi rəng qatıblar, muğam sənətimiz yüksək səviyyədə təqdim olunub. Xanəndələr Mirələm Mirələmov, Vəfa Vəzirova, tarzən Zəki Vəliyev, kamançaçı Elnur Mikayılov və nağara ifaçısı Kamran Kərimovdan ibarət heyət musiqisevərlərin rəğbətini qazanıb və sürəkli alqışlarla qarşılanıb.