Oktyabrın 20-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Yeni yaradıcılıq işinə Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov quruluş verib. Musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədov, quruluşçu rəssam Samirə Həsənova, geyim üzrə rəssam Aygün Mahmudova, işıq üzrə rəssam Rafael Həsənovdur.
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), Əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış edirlər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski öz faciəsini dərk eləyə-eləyə, bu faciəni bir ağrı kimi daşıyaraq yaşayır. Onun nə sənətdə, nə də ailədə yeri var. Gücsüz, əlacsız, amma saf və xoş bir insan faciəsi. Teatrda, sənətdə istedadsız və faydasız olsa belə, Kəbirlinski insandır. Cəmiyyətin dəyişə bilmədiyi, qəlibə sala bilmədiyi kiçik insan. Kəbirlinski istedadsız, lakin sənəti, səhnəni böyük məhəbbətlə sevən bir aktyor obrazıdır. Sadəlövh, təmiz və “bu dünyanın adamı olmayan” Kəbirlinski hər dəfə özünü təsdiq etməyə vadar olur, əvəzində daha da acınacaqlı, tamaşaçı üçün isə gülməli vəziyyətə düşür.
Tamaşa boyu səhnədə olan sarı rəngli “PAZ” avtobusu bir növ öz dövrünün (sovet) rəmzi, eyni zamanda çoxfunksiyalı məkandır. Bütün hadisələr onun içində, ətrafında cərəyan edir. Avtobus birbaşa funksiyasından (nəqliyyat) savayı, gah Kəbirlinskinin iş yeri, gah da evi olur.
“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda insan bütün həyatı boyu əziyyət çəkir. Çünki seçimi doğru olmayıb...
Tanınmış incəsənət xadimlərinin, rəsmilərin və təbii ki, çoxlu sayda media mənsubunun yer aldığı tamaşaçı zalı ilk nümayişi sürəkli alqışlarla qarşılayıb. Bu isə o deməkdir ki, tamaşa uğurlu alınıb. 45 il əvvəl kino ekranına çıxan “Dantenin yubileyi”nə səhnədə də uzun ömür arzulayırıq...