Çinin paytaxtı Pekində Mərkəzi Musiqi Konservatoriyası tərəfindən 15-19 oktyabr tarixlərində təşkil edilən “Kəmər və Yol” Musiqi Təhsili Alyansının III Konfransında ölkəmiz də təmsil olunub.
Beynəlxalq konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas fortepiano fakültəsinin dekanı professor, Əməkdar müəllim Nəzakət Rimazi və akademiyanın Solo oxuma və opera hazırlığı kafedrasının professoru, Xalq artisti Gülnaz İsmayılova iştirak ediblər.
Vyetnam, Tailand, Kamboca, Hindistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Monqolustan, Qana və Almaniyadan da mütəxəssislərin qatıldığı beynəlxalq konfrans çərçivəsində ustad dərsləri, mühazirələr təşkil edilib. İştirakçılar Çin xalq ənənəvi musiqi nümunələri ilə yaxından tanış olublar.
BMA-nın müəllimləri konfrans çərçivəsində keçirilən musiqili gecədə də çıxış ediblər. Nəzakət Rimazinin fortepianoda müşayiəti ilə Gülnaz İsmayılovanın vokal ifası maraqla qarşılanıb.