Qırğızıstanın paytaxtı Bişkekdəki 103 nömrəli ümumtəhsil məktəbində Şərqin böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstan Parlamentinin (Joqorku Keneşin) sabiq spikeri, Qırğız Respublikası Ağsaqqallar Şurasının sədri Medetkan Şerimkulov, ölkənin təhsil nazirinin müavini Bekjan Supanaliyev, mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Marat Taqayev, digər rəsmilər, Bişkekdə yaşayan azərbaycanlılar iştirak ediblər.
Medetkan Şerimkulova bildirib ki, Qırğızıstan ilə Azərbaycanı bir-birinə ortaq tarixi köklər, mədəni ənənələr və mənəvi-əxlaqi dəyərlər bağlayır. Nizami bütün dünyada olduğu kimi, ölkəmizdə də sevgi və ehtiramla yad edilir.
Digər qonaqlar çıxışlarında Nizami Gəncəvinin dünya ədəbiyyatında yerindən bəhs edib, dahi şairin adını daşıyan məktəbin şagirdlərinə təhsildə uğurlar arzulayıblar.
Joqorku Keneşin deputatı Nurjigit Kadırbekov məktəbin şagirdlərinə müraciətlə deyib: “Fəxr edin ki, siz böyük mütəfəkkir və şair Nizami adına məktəbdə təhsil alırsınız. Siz də onun nail ola bildiyi yüksək zirvələrə can atın”.
Səfir Lətif Qəndilov diqqətə çatdırıb ki, ötən il Qırğızıstan Prezidenti Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin adını daşıyan 103 nömrəli orta ümumtəhsil məktəbinin açılışını ediblər: “Bu gün də Azərbaycan Prezidentinin təşəbbüsü ilə məktəbdə Nizami Gəncəvinin büstünün açılışını edirik. Bu abidə xalqlarımızın yaxınlığının rəmzinə çevriləcək”.