Bakıda Ukraynanın Krım Muxtar Respublikasının turizm potensialının tanıtımı oldu.
Krımın kurortlar və turizm naziri Aleksandr Liev tədbirdə çıxış edərək bir sıra statistik göstəriciləri diqqətə çatdırdı. Onun sözlərinə görə, hər il Krıma bir neçə milyon turist, o cümlədən 20 minədək azərbaycanlı səfər edir: “Krıma səfər edənlərin 70 faizi müalicə məqsədilə gəlir. Təkcə bir faktı nəzərinizə çatdırım ki, ötən il Ukraynaya 6 milyon turist səfər edib».
Nazir qeyd etdi ki, Azərbaycanda «SW Travel» kimi etibarlı tərəfdaşları var: “Bu şirkətin hesabına biz azərbaycanlı turistlərin Krıma axınını artırmaq istəyirik. Krım azərbaycanlı turistlərə müalicə turizminin bütün növlərini göstərməyə hazırdır. Biz qarşılıqlı turizmə kömək etmək üçün Azərbaycanda turizm agentlərinə, xüsusilə də sanatoriya-kurort sahəsində turizm işini öyrətməyə, həmçinin AZAL aviaşirkətinə Krım hava limanında müəyyən endirimlər etməyə hazırıq”. Onun sözlərinə görə, həmçinin Krımda Azərbaycanın turizm ofisini açmaq təklifi var.
Aleksandr Liev onu da bildirdi ki, Ukrayna Azərbaycanda baş tutan «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi təcrübəsini öyrənmək niyyətindədir. Çünki Ukrayna Krım nümayəndə heyətinin tərkibində gələn Zlata Oqneviçin bu il keçiriləcək müsabiqədə uğurla çıxış edəcəyinə ümid edir.
Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenkonun sözlərinə görə, turizm iki ölkə arasında münasibətlərin əsas istiqamətlərindən biridir. Səfir bildirdi ki, iyun ayında Bakıda Ukrayna Mədəniyyət Günləri keçiriləcək. Tədbir Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojaranın Bakı səfəri günlərinə təsadüf edəcək: «Bu il həmçinin Azərbaycan və Ukrayna Prezidentləri Şurasının IV iclası keçiriləcək. Bütün bu tədbirlər ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində möhkəm əməkdaşlığın olmasının sübutudur».
Sonra Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovla Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liev arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalandı.
Fəxriyyə Abdullayeva