Ey əziz anam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan…
Xalq şairi Nəbi Xəzrinin misralarını dillər əzbərinə çevirən onun ecazkar musiqisi və bənzərsiz səsi oldu...
Oktyabrın 25-i Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin (1942-2008) vəfatının 15-ci ildönümüdür.
Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev rəngarəng repertuara malik ifaçı idi. Bu zənginlikdə onun özünün bəstələri də xüsusi yer tuturdu. Qüdrətli sənətkar opera ifaçılığının ecazkar nümunələrinə öz möhürünü vurmaqla bərabər, milyonlarla musiqisevərin rəğbətlə qarşıladığı mahnıların müəllifidir. Bizim üçün isə onun şah əsəri himnimiz qədər möhtəşəm səslənən “Azərbaycan” (“Baharlı yurdum”) mahnısıdır.
O, doğulduğu torpağı çox sevirdi. Bakıya, ona layla çalan mavi Xəzərə də gözəl mahnılar həsr etmişdi. Heyrətamiz səsi insan qəlbinin fövqəladə təsirə malik çırpıntılarını ifadə etməyə qadir idi. Səsinin pərəstişkarlarının alqış sədaları məşhur konsert və tamaşa salonlarını titrədirdi. Bu gün də o səs qəlbləri riqqətə gətirir. Dünyadan cismən köçsə də, sənəti ilə əbədi yaşayacaq...