Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1997-ci il 8 oktyabr
Prezident Heydər Əliyev Səməd Vurğunun qızı, şairin ev-muzeyinin baş mühafizi Aybəniz Vəkilovanı 60 illik yubileyi münasibətilə təbrik edib.
1997-ci il 11 oktyabr
Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Strasburqa səfəri zamanı Fransada yaşayan soydaşımız, türkoloq alim, professor İren Məlikova ilə görüşüb.
1997-ci il 17 oktyabr
Respublika Sarayında görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 55 və yaradıcılıq fəaliyyətinin 35 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləyib.
“...Biz bu gün burada Azərbaycanın zəngin mədəniyyətinin ən gözəl şaxələrindən biri olan Müslüm Maqomayevin yaradıcılığı ilə yenidən görüşdük. Azərbaycanın həyatında bu cür hadisələr xalqımızın nə qədər istedadlı və Azərbaycan mədəniyyətinin, incəsənətinin nə qədər zəngin olduğunu bir daha nümayiş etdirir.
Bəli, biz bilməliyik, özü də həmişəlik bilməliyik ki, bax, burada dayanan Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Müslüm Maqomayevin Azərbaycan səhnəsinə ilk dəfə çıxması bizim xatirimizdədir... O vaxt çoxlarına elə gəlirdi ki, cavan oğlandır da, yaxşı oxuyur. Amma musiqi biliciləri dərhal qiymətləndirdilər ki, yox, bu oğlanın böyük və parlaq gələcəyi var. Xatirimdədir, o vaxt mən maestro Niyazi ilə söhbət edirdim. Şübhəsiz ki, o, Müslümü uşaq yaşlarından tanıyırdı. Mən ona istinad edirəm, çünki o zaman o, mənə və mənimlə bir yerdə olanlara dedi ki, bəli bu, Azərbaycan incəsənətində həqiqətən yeni, parlaq ulduzdur, həm də təkcə Azərbaycan incəsənətində yox.
...Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir.
Müslümün xidmətləri çoxdur, ancaq onun “Azərbaycan” mahnısını – özünün və gözəl xanımı Tamara Sinyavskayanın burada əla ifa etdikləri mahnını Müslümün ən böyük xidməti hesab edirəm. Bilirsiniz, böyük incəsənət ustaları bəzən cəmi bir əsər yaradaraq tarixi şəxsiyyətə çevrilirlər. Əgər Müslümün heç nəyi olmasaydı da, mənim fikrimcə, o təkcə “Azərbaycan” mahnısına görə ən yüksək hörmətə, ən böyük ehtirama layiqdir.
Mənə elə gəlir ki, Müslüm Maqomayev bizim gözəl şairimiz Nəbi Xəzri ilə birlikdə bu mahnını yazanda onlar yəqin ki, gələcəyə baxmışlar, çünki bu mahnı həqiqətən azad, müstəqil Azərbaycanın himni kimi səslənir...”.
1997-ci il 28 oktyabr
Prezident Sarayında Azərbaycan ədəbiyyatının yaşlı nəslinin nümayəndələri ilə görüşüb.
“...Sizin, demək olar, hamınızla uzun illərdir ki, şəxsən tanışam... İndi də bir yerdəyik, ancaq tez-tez görüşməyə imkan olmur. Ancaq indi hadisələr məcbur edibdir. Çünki siz növbəti qurultayın ərəfəsindəsiniz.
Mən düşünürəm ki, Azərbaycan xalqının müsbət xüsusiyyətlərindən biri də odur ki, mədəniyyətə, ədəbiyyata daim diqqət, qayğı göstərib və hörmət edibdir. Bilmirəm, bəlkə səhv edirəm, ancaq yazıçıya, şairə, mədəniyyət xadiminə bizim Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə də az yerlərdə tapılar. Bunun kökləri var. Çünki bizim ədəbiyyatımız da, mədəniyyətimiz də zəngindir, ədəbiyyatımızı, mədəniyyətimizi və tariximizi zənginləşdirən dahi şəxsiyyətlərimiz də olubdur.
Biz məmnun olmalıyıq ki, həyatımızın bu keçid, ağır dövründə də bu münasibətlər dəyişməyibdir. Ola bilər bəzi maddi imkanlar nöqteyi-nəzərindən o qədər deyildir. Ancaq bunlar hamısı keçicidir. Hesab edirəm bizim ədəbiyyatımız, mədəniyyətimiz əsrlər boyu çox ağır sınaqlardan, mərhələlərdən keçərək, yaşadığı kimi, bu gün də bu çətin dövrü birlikdə yaşayıb keçəcəyik.
...Mən də hesab edirəm ki, bizim Yazıçılar Birliyinin ən böyük nailiyyəti ondan ibarətdir ki, bu keçid, sınaq dövründən keçibdir, dağılmayıbdır... Adətən, insanlar öz yanında, gözünün qabağında olanı qiymətləndirmir, keçmişdəkini, yaxud uzaqda olanı qiymətləndirir. Mən şübhə etmirəm ki, gələcək nəsillər bu gün burada, bu salonda oturanların hamısını yüksək qiymətləndirəcəklər.
Səməd Vurğun 50 yaşında, 40 il bundan əvvəl vəfat edib. Səməd Vurğun bəlkə də heç yaşadığı zaman, yaxud həyatdan gedəndən sonrakı ilk illərdə xalqın məhəbbəti nöqteyi-nəzərindən bu qədər yüksək zirvələrə qaldırılmamışdı, nəinki indi qaldırıldı. Tarixin elə zamanları olur ki, unudur, amma sonra xatirinə salır...”.
1997-ci il 29 oktyabr
Prezident Sarayında Azərbaycan ədəbiyyatının gənc nəslinin nümayəndələri ilə görüşüb.
“...Dünən Yazıçılar Birliyinin rəhbərləri, yaşlı nəslə mənsub şair və yazıçılarla görüşümüz oldu. Xahiş etdim ki, gənclərlə də görüşək. Bu mənim keçmişdə belə məsələlərə münasibətimlə müəyyən dərəcədə bağlıdır.
Əksəriyyətinizlə şəxsən tanış deyiləm. Təəssüflər olsun ki, sizin əsərlərinizi oxuya bilməmişəm. Həqiqəti etiraf etməliyəm. Ancaq yazıçılar nəsli ardıcıl olaraq yaşayıb və inkişaf edibdir. Çox sevindirici haldır ki, bu dövrdə də bizim yazıçılar nəsli yaşayır, yaradır, nəsillər arasında boşluq yoxdur.
Mənə dedilər ki, Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün 100-dən artıq müraciət var. İndi yazıçıların sosial vəziyyətinə qayğı və yaxud maddi imkanlar keçmişə nisbətən çətinləşib. Amma belə bir vəziyyətdə yazıçı və şair olmaq, özünü bu sənətə həsr etmək istəyən gənclər çoxdursa, bu, mədəniyyətimiz və ədəbiyyatımız üçün olduqca sevindirici haldır...”.
Hazırladı: V.Orxan