Rusiya və İtaliyanın turizm təmsilçiləri, Türkiyə telejurnalistləri ölkəmizin görməli yerlərinə baş çəkiblər
   
   Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək və xarici turistlərin respublikamıza olan axınını artırmaq məqsədilə Bakıda keçirilən XII Azərbaycan beynəlxalq səyahət və turizm sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycana infoturlar və press-tur təşkil edilib.
   
   30 mart - 4 aprel tarixlərində Rusiya Federasiyasının turizm şirkətlərindən ibarət 19 nəfərlik qrup Azərbaycana səfər edib. Səfərdə Rusiyanın “Alean”, “Dces Tur”, “Persona Tur”, “Fischer Travel”, “Vostok FM”, “TurProfi”, “Azan Tur”, “Ross Travel”, “Alıye Parusa”, “Poyexali” və s. turizm şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar Bakı, Naftalan və Şəki şəhərinin görməli yerlərini ziyarət ediblər.
   Bundan əlavə, 2-6 aprel tarixində İtaliyanın aparıcı turizm şirkətləri rəhbərlərinin iştirakı ilə Bakı şəhərinə infotur təşkil edilib. İnfoturda “Bramante Travel”, “Red Carpet Travel”, “Boscolo Tour”, “Manus Travel”, “Wave Travel” şirkətlərinin nümayəndələri təmsil olunub. Aprelin 4-də adıçəkilən şirkətlərin təmsilçiləri ilə bir qrup yerli turizm şirkətləri nümayəndələrinin görüşü keçirilib.
   Həmçinin Azərbaycanın turizm potensialının Türkiyə mətbuatında işıqlandırılması məqsədilə aprelin 3-də Türkiyənin "Beyaz TV" kanalının "Dünya turu" proqramının 3 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Ayın 10-dək davam edəcək press-tur zamanı heyətin Bakıda və eləcə də Quba, Qusar, Qəbələ, Şəki rayonlarında apardığı çəkilişlərin nəticəsi olaraq "Beyaz TV"-nin “Dünya turu" proqramında Azərbaycan haqqında 3 dəfə material yayımlanması nəzərdə tutulub.