Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Quyu” qısametrajlı bədii filmi noyabrın 7-dən 12-dək Almaniyada keçiriləcək 33-cü Kottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.
“Quyu” festivalın EcoEast bölməsinə qəbul olunub.
Filmin prodüserləri Fariz Əhmədov, İradə Bağırzadə, Müşfiq Hətəmov və Cəmil Quliyev, rejissoru və ssenari müəllifi Rufat Ray, təsvir rejissoru Nadir Mehdiyev, quruluşçu rəssamları Rafiq Nəsirovla Arif Niftiyev, bəstəkarı Elmir Mirzəyevdir. Filmdə Pərviz Məmmədrzayev və Şamil Süleymanlı çəkiliblər.
Çəkilişləri əsasən Lökbatan qəsəbəsi və İsmayıllı rayonunda baş tutan film insan və yaradılış fəlsəfəsini özündə əks etdirir. İnsan həyatın tamamilə öldüyü bir məkanda quyu qazaraq varlığın mənbəyi və əsası olan su axtarışındadır. Amma suyu tapdıqdan sonra nəfsinə güc gələ bilməyən qəhrəmanın səyahəti tamamən fərqli və gözlənilməyən istiqamətdə dəyişir.
Qeyd edək ki, “Quyu” filmi Kottbus Beynəlxalq Film Festivalında dünya premyerasını həyata keçirəcək.