Bu və ya digər personajın mükəmməl şəkildə canlandırılması artistin öz sənətinə, əsərin müəllif(lər)inə ən böyük sevgi və ehtiramının ifadəsidir. Xüsusən əgər söhbət Məhmənəbanu kimi mürəkkəb xarakterə, təzadlı emosiyalara malik bir obrazdan gedirsə.

Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Arif Məlikovun böyük türk şairi və dramaturqu Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti 60 ildən çoxdur dünya səhnələrini bəzəyir. Baletin ilk tamaşası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Uzun illərdən sonra  müasir balet sənətinin şedevrlərindən biri bu ilin 18-19 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Sarayında oynanıldı. Arif Məlikovun əsrarəngiz musiqisini Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa etdi. Ayın 18-də oynanılan tamaşada Məhmənəbanu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhad rolunu Rusiya Böyük Teatrının premyeri Denis Rodkin, Şirini həmin teatrın aparıcı solisti Mariya Vinoqradova ifa ediblər.

Ertəsi gün izləmək imkanım olduğu tamaşada isə Fərhad partiyasında “Astana Balet”in aparıcı solisti İlya Manayenkov, Şirin partiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti Dinarə Məmmədova, Məhmənəbanu obrazında Başqırdıstan Opera və Balet Teatrının prima-balerinası Raziliya Murzakova səhnəyə çıxmışdı.

Səhnə əsərinin ilk dəqiqələrindən Raziliya Murzakova personajın enerjisini tamaşaçıya ötürmək məharəti ilə xüsusilə yadda qaldı. Biz balerinanı həm ədalətli hökmdar qadın, həm güvənli bir bacı, həm də sevən bir qadın olaraq bütün bu fərqli hallarda tamamilə üzvi, harmonik ifadəlilikdə görürük. Balerinanın bədəninin imkanlarına bələdliliyi, musiqini duymaq qabiliyyəti və personajının səciyyəsinə varmaq bacarığı son dərəcə güclüdür. Ölümcül xəstəliyə düçar olan bacısı Şirinin sağalmasının yeganə əlacı kimi öz gözəlliyini düşünmədən fəda etməsi, sonra hər iki bacının Fərhada aşiq olması, Fərhadla Şirinin bir-birinə könül verməsi, Məhmənəbanunun qəlbindəki fırtınaların gizli qalması onu olmazın üzüntülərə salır. Məhmənəbanu səhnədə hərəkətsiz oturub, təlxək isə əlindən gələni edir ki, hökmdarının ovqatı yaxşılaşsın. Lakin təbii ki, təlxəyin cəhdləri əbəsdir. Və səhnənin ortasında hərəkətsiz oturmuş Məhmənəbanunun düşüncələri, duyğuları “dil açıb danışır” tamaşaçı sanki onunla həmsöhbətə, sirdaşa çevrilir. Sənətsevərlər üçün bundan gözəl hədiyyəni  təsəvvür etmək çətindir. Gəlin, bu hədiyyəni bizə bəxş edən Raziliya Murzakova ilə tanış olaq.

 

– Balet sevginizin tarixçəsini danışa bilərsinizmi?

– 1998-ci ildə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Kuyurqazi rayonunda anadan olmuşam. Mən çox fəal uşaq olduğuma, rəqs etməyi sevdiyimə görə anam məni xoreoqrafiya məktəbinə qoymuşdu. Klassik və xalq rəqslərini öyrənirdim. O məktəbdə müəlliməm Ufaya gedib xoreoqrafiya məktəbinə daxil olmağı məsləhət gördü. Mən məmnuniyyətlə razılaşdım. Anam da təhsilimi davam etdirmək fikrini razılıqla qarşıladı. Beləliklə, R.Nureyev adına Ufa Xoreoqrafiya Məktəbində səkkiz il oxudum. Ora getməzdən əvvəl elə bilirdim ki, təhsilim xalq rəqsləri üzrə olacaq. Balet haqqında təsəvvürüm yox idi o vaxtlar. Amma xoreoqrafiya məktəbində baleti sevdim. Və ən əsası bəxtimə gözəl pedaqoq çıxdı – Lyudmila Vasilyevna Şapkina. 2016-cı ildə təhsilimi başa vurub Başqırdıstan Opera və Balet Teatrında fəaliyyətə başladım. Artıq səkkizinci mövsümdür ki, bu teatrın səhnəsinə çıxıram. Kordebaletdən başlayıb aparıcı və solo partiyalaradək yüksəlmişəm. Hazırda repertuarımda aparıcı partiyalardır. Düzdür, istədiyim qədər deyil, amma düşünürəm ki, hər şey hələ irəlidədir.

 

– Ailənizdə rəqslə bağlılığı olan başqa kimsə varmı və ya olubmu?

– Xeyr, ailəmizdə rəqslə, ümumiyyətlə, incəsənətlə peşəkar səviyyədə bağlı olan yoxdur. Anam yeniyetmə və gənclik yaşlarında rəqslə, vokalla məşğul olub, lakin davam etdirməyib. Başqırd dili və ədəbiyyatı müəllimi peşəsinə yiyələnib və hazırda pedaqoji fəaliyyətini davam etdirir. Amma onun musiqiyə, rəqsə marağı, yaradıcı təbiəti mənə ötürülüb.

 

– Məhmənəbanu obrazı ilə yaradıcılıq yolunuzda rastlaşmağınız necə baş verdi?

– Mən Ufada Opera və Balet Teatrına gəldiyim 2016-cı ildə məhz “Məhəbbət əfsanəsi” baletinin məşqləri gedirdi. Bütün məşqlərdə iştirak etdim. Əsərin xoreoqrafiyasına tamamilə bələd oldum. Amma təbii ki, yeni başlayan balerina olduğum üçün əsas partiya mənə həvalə edilməyib. 2021-ci ildə qazaxıstanlı həmkarlarımız bizim teatra zəng edib bildiriblər ki, “Məhəbbət əfsanəsi” baletinin məşqlərinə başlayıblar və Məhmənəbanu partiyasının ifası üçün namizəd axtarırlar, teatrımızın bu işdə onlara kömək etmək rica istəyiblər. Teatrımızın bədii rəhbəri məndən soruşdu ki, ifa edə bilərəmmi bu partiyanı? Cavab verdim ki, əlbəttə. Belə bir imkandan vaz keçə bilməzdim. Üç gün öz teatrımızda məşq edəndən sonra Astanaya yola düşdüm və Astana Opera və Balet Teatrının səhnəsində qoyulan “Məhəbbət əfsanəsi”ndə Məhmənəbanu rolunda çıxış etdim. İl yarımdan sonra isə bu partiyanı doğma teatrımın  səhnəsində ifa etdim.

 

– Buna qədər Azərbaycan mədəniyyəti ilə tanışlığınız olmuşdumu? Bu arada azərbaycanlı həmkarlarınızla işbirliyiniz, şəhərimiz haqqındakı təəssüratınızı da eşitmək maraqlı olar...

– Arif Məlikovun bu əsəri Azərbaycan mədəniyyəti ilə ilk təmasım idi. Azərbaycanlı həmkarlarımın, xoreoqrafların peşəkarlığı, tərəf-müqabil olmaq mədəniyyəti ən yüksək səviyyədədir. Azərbaycanlıların qonaqpərvərliyini isə vurğulamağa ehtiyac yoxdur. Bakını çox sevdim, Məmnuniyyətlə bir də gələrəm. Məşqlərarası boş vaxtlarımı İçərişəhəri gəzib-dolanmağa sərf edirdim. Özü də naviqator tətbiqindən bilərəkdən istifadə etmədən, azmaqdan ehtiyatlanmadan ürəyinin çağırışının ardınca gedərək İçərişəhəri gəzməkdən doymurdum.

 

– Məhmənəbanu kimi mürəkkəb bir obrazı bütün dəqiqliyi və dərinliyi ilə duyub canlandırmağın öhdəsindən gəlməkdə sizə nə kömək etdi?

– Bu balet və Məhmənəbanu obrazı ən çox sevdiyim əsər və ən çox ürəyimə yatan  obrazdır. “Məhəbbət əfsanəsi” başqa baletlərdən fərqli olaraq çox dəqiq, konkret, aydın quruluşa malikdir, mizan – səhnələrdən azaddır. Bu cəhət məni çox cəlb edir. Və bir də ola bilər ki, mən Məhmənəbanu kimi güclü olmaq istərdim. Hətta deyərdim ki, əslində, bənzərliyimiz var. Bunu mənə tamaşaya baxan dost-tanışlarım da deyib. Qeyd ediblər ki, bu obraz mənə çox yaraşır. Məhmənəbanu hökmdardır. Onun içində o qədər çox və müxtəlif emosiya var ki!... Amma hökmdar olduğu üçün emosiyalarının hamısını büruzə verə bilmir. Bununla belə, onun bütün duyğuları, sarsıntıları aydın hiss olunur. Mən də həyatda beləyəm, içimdəki emosiyaları bildirməyi sevmirəm. Bütün emosiyaların ifadəsini səhnədə canlandırıram. Rəqs etmək mənə çox böyük zövq verir. Və əlbəttə ki, birmənalı şəkildə hər bir yeni yaradıcı mühit, hər bir xoreoqraf-pedaqoq püxtələşməyə çox kömək edir.

 

– Hazırda yaradıcılığınızda hansı yeniliklər var?

– Hazırda Başqırdıstan Opera və Balet Teatrının bütün tamaşalarında məşğulam. Zəngin repertuarımız var. Və həmçinin yeni baletin məşqlərini aparırıq. Premyeraya hazırlaşırıq. 

Həyatda olduğu kimi sənətdə də təsadüfi heç nə yoxdur. Məsələ burasındadır ki, 1993-95-ci illərdə XX əsrin ən görkəmli xoreoqraflarından biri Yuri Qriqoroviç Başqırdıstan Opera və Balet Teatrı ilə əməkdaşlıq edib. Və indi başqırd balerina Qriqoroviçin illər öncə quruluş verdiyi “Məhəbbət əfsanəsi”nin Məhmənəbanusunu belə mükəmməl ifa edir.

Samirə Behbudqızı