Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 29-da "Gülüstan" Sarayında işə başlayan Musiqi Forumu panel iclaslarla davam edir.

Oktyabrın 31-də, forumun sonuncu iş günündə “Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində” mövzusunda panel iclası keçirildi.

Musiqişünas, Beynəlxalq Musiqi Şurası Azərbaycan şöbəsinin sədri Nigar Axundovanın moderatorluğu ilə gerçəkləşən paneldə “Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika”, “Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu”, “Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər” və “Müasir dövrdə musiqi sosiologiyası" mövzuları üzrə çıxışlar dinlənildi.

İlk çıxış edən musiqişünas, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Əməkdar incəsənət xadimi Lalə Hüseynova milli musiqi elminin inkişafından danışarkən təmsil etdiyi təhsil ocağının təcrübəsindən söz açdı. O, şərqşünas, musiqişünas kadrların əksəriyyətinin artıq yaşlı nəslin nümayəndələri olduğunu dedi: “Musiqişünas olmaq istəyən gənclərin arasında ingilis dilini bilənlər var. Ancaq zəngin elmi ədəbiyyatın olduğu rus dilini bilənlər azdır. Buna görə də elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi zəruridir”.

L.Hüseynova Milli Konservatoriyanın musiqi sosiologiyası üzrə magistrantının elmi araşdırmasının nəticələrini slayd vasitəsilə təqdim etdi.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova musiqişünas əməyinin maddi baxımdan qiymətləndirilməsinin vacibliyinə toxundu. Musiqinin təbliğində böyük ənənələrin yaşadılmasının rolunu qeyd edən Z.Qafarova Azərbaycan Televiziyasında Əfsər Cavanşirovun yaratdığı “Bənövşə” uşaq xorunun ləğv edilməsindən təəssüfləndiyini dilə gətirdi.

Musiqişünas, "Musiqi dünyası" jurnalının baş redaktoru və naşiri, Bakı Musiqi Akademiyası Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Əməkdar incəsənət xadimi Tariyel Məmmədov illər öncə lentə alınmış xanəndə və ifaçıların səs yazılarının bərpası, elektron daşıyıcılara köçürülməsi və təbliğinin zəruri olduğunu diqqətə çatdırdı. O, dövlət dəstəyi ilə milli yaddaş institutunun təsis edilməsi təklifini səsləndirdi.

Növbəti spiker, musiqişünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə son illər musiqi sahəsi ilə bağlı elmi-tədqiqat əsərlərinin əksəriyyətinin dövrün tələblərindən geri qaldığını, tədqiqdən daha çox təsvirdən ibarət olduğunu vurğuladı. K.Dadaşzadə ölkəmizdə musiqi elminin vahid inkişaf konsepsiyasının hazırlanmasını vacib hesab etdiyini bildirdi.

Bakı Musiqi Akademiyası Musiqi nəzəriyyəsi kafedrasının müdiri professor Könül Nəsirova musiqişünas kadrların hazırlanması problemlərinə diqqəti çəkdi. Qeyd etdi ki, biz yalnız Azərbaycan Respublikası ərazisində yaranan musiqi əsərlərini araşdırmaqla məşğul olmamalıyıq. Belə olanda Azərbaycan musiqi aləminin siması tam təsəvvür olunmayacaq.

Musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında musiqi mədəniyyətinin təbliği məsələlərinə toxundu. Elmi nəşrlərin mövcudluğunu müsbət qiymətləndirən alim daha geniş auditoriyaya hesablanmış elmi-kütləvi nəşrlərin də olmasının zəruriliyini qeyd etdi. Gənc musiqişünasların əməyinin qiymətləndirilməsi məsələsinə də toxunan Z.Dadaşzadə eyni zamanda bu sahədə araşdırma aparmaq istəyənlərin məqalə yazmağa həvəssiz olduqlarını, söz ehtiyatlarının kasadlığını diqqətə çatdırdı.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırıldı, qaldırılan məsələlər ətrafında müzakirələr aparıldı.

G.Mirməmməd