Yaponiyanın Azərbaycandakı Səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yapon mədəniyyəti və “Şişimai” – ənənəvi yapon “Şir rəqsi” adlı tədbir keçirilib.

Yaponiya səfiri Cuniçi Vada ölkəsində festivallar zamanı ifa olunan “Şir rəqsi” və ifaçı haqqında məlumat verib, bu cür tədbirlərin Azərbaycanda Yaponiyaya və yapon mədəniyyətinə olan marağın daha da artmasına zəmin olacağına inandığını bildirib.

Bildirilib ki, şişimai uzun tarixə malik ənənəvi rəqs növü olub, şirin hərəkətlərinin təqlidi və onun enerjisinin ötürülməsini özündə ehtiva edən rəqsdir. Yaponiyanın bir çox regionlarında geniş yayılmış bu rəqs əsasən festivallar zamanı ifa olunur. Vurğulanıb ki, ifaçı Kaiden Masanori artıq 25 ilə yaxındır ənənəvi yapon rəqsini və festival adət-ənənələrini dünyanın bir çox ölkələrində təbliğ edir.

Sonra yaponiyalı ifaçı “şir rəqsi”ni təqdim edib. Kaiden Masanorinin tayko yapon barabanı və digər milli musiqi alətlərində ifası maraqla qarşılanıb. Proqramda digər ənənəvi yapon festival rəqsləri haqqında da məlumatlar verilib, rəqslər nümayiş olunub.

“Düşünürəm ki, bugünkü konsert yapon mədəniyyətinin təqdim olunması, azərbaycanlılara tanıdılması üçün çox gözəl bir şansdır. Mən Azərbaycana ilk dəfədir gəlirəm. Çox sevindiricidir ki, burada yapon mədəniyyətini, mətbəxini, Yaponiyanı sevənlərin sayı çoxdur. Ümumiyyətlə, çox sayda insan məni yapon dilində salamlayır, çox yaxşı şəkildə qarşılayır”, – deyə Kaiden Masanori jurnalistlərə müsahibəsində bildirib.

Qafqaz musiqisi ilə tanışlığından bəhs edən ifaçı qeyd edib ki, bu musiqinin çox gözəl enerjisi var. O, ayrıca Azərbaycan musiqisini də öyrənmək istədiyini deyib.