Milli Məclisdə ictimai dinləmə keçirilib

 

Oktyabrın 31-də Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilib.

Dinləmədə millət vəkilləri, Prezident Administrasiyasının, AMEA-nın, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclis yanında Toponimiya komissiyasının, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquqşünas alim və tədqiqatçılar,  bələdiyyələrin, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov üç il əvvəl Vətən müharibəsində əldə etdiyimiz Zəfərin Qərbi Azərbaycandan olan soydaşlarımızın da öz tarixi torpaqlarına qayıdışı üçün yeni imkanlar yaratdığını vurğulayıb.

AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının sədri, Milli Məclisin deputatı İsa Həbibbəyli “Qərbi Azərbaycan toponimlərinin Ermənistan tərəfindən saxta yollarla təhrif edilməsi və ədalətin bərpası yolları” mövzusunda məruzə edib. Akademik XX əsr boyunca indiki Ermənistan ərazisində xalqımıza aid adların ardıcıl olaraq total şəkildə tamamilə dəyişdirilməsinin, silinməsinin mərhələləri və formaları barədə məlumat verib.

Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və müasir mərhələdə zorakılıqla dəyişdirilmiş toponimlərin bərpa edilməsi çalışmaları” mövzusunda çıxış edib. Vurğulayıb ki, ermənilər zaman-zaman dəyişdirə bilmədikləri tarixi-mədəni irsimizi yer üzündən siliblər.

İcma sədri Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqətdən söz açaraq dövlətimizin başçısının ideya müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışıb. Qərbi azərbaycanlıların qayıdış tələbinin insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa tam uyğun olduğunu bildirən Əziz Ələkbərov Qərbi Azərbaycan toponimlərinin bərpası istiqamətində icmanın gördüyü işlər barədə məlumat verib.

Dinləmədə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Musa Quliyev, deputatlardan Sabir Rüstəmxanlı, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Nizami Cəfərov, tədbirə dəvət olunmuş qonaqlardan akademik Abel Məhərrəmov, filologiya elmləri doktorları Firudin Cəlilov, İbrahim Bayramov və başqaları çıxış ediblər.

Çıxışlarda Qərbi Azərbaycanda mədəni irsimizin planlı şəkildə məhv olunmasından və mənimsənilməsindən söz açılıb, tarixi torpaqlarımızdakı toponimlərin və digər coğrafi adların, milli irsimizin bərpası, xalqımızın öz yurduna qayıdışının təmin edilməsi barədə qeyd və təkliflər səsləndirilib.

Tədbirə yekun vuran Siyavuş Novruzov Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu xüsusi vurğulayaraq Prezident İlham Əliyevin sözlərindən sitat gətirib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.