Azərbaycan Mətbuat Şurası ilə Kərkük Mədəniyyət Dərnəyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu münasibətlə oktyabrın 31-də İraqın Kərkük elindən ölkəmizə təşrif buyurmuş nümayəndə heyətinin iştirakı ilə Mətbuat Şurasında tədbir keçirilib.
MŞ sədri Rəşad Məcid qonaqları salamlayaq Azərbaycanın Türk dünyası ilə mədəni əlaqələrindən söz açıb. O, türk coğrafiyasındakı jurnalistlərin biri-biriləri ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. İraqın Kərkük bölgəsindəki media qurumları ilə yaxın əlaqələr də əhəmiyyətlidir.
R.Məcid Azərbaycanla Kərkük arasında bağların yaranmasında və möhkəmlənməsində, habelə ortaq dəyərlərin təbliğində Kərkük Mədəniyyət Dərnəyi və onun rəhbəri Şəmsəddin Kuzəçinin böyük əməyinin olduğunu vurğulayıb.
MŞ sədri Ş.Kuzəçinin rəhbərlik etdiyi qurum tərəfindən təltif olunduğunu diqqətə çatdırıb və şuranın diplomunu ona təqdim edib.
Ş.Kuzəçi əməyinə verilən qiymətə görə Mətbuat Şurasına təşəkkürünü bildirib. O, əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söz açaraq MŞ ilə Kərkük Mədəniyyət Dərnəyi arasında imzalanan memorandumunun əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Qeyd edək ki, memorandumda ortaq dəyərlərin və prinsiplərin təbliği istiqamətində media subyektləri tərəfindən keyfiyyətli xəbər istehsalının təmin edilməsinə əməli dəstək məqsədilə layihələr həyata keçirmək, birgə beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılması, xarici təcrübənin tətbiqi və s. məsələlər əksini tapıb.