Olaylar, faktlar (4–7 noyabr)

 

364 il əvvəl...

 

7 noyabr 1659-cu ildə Fransa ilə İspaniya arasında 1635-ci ildə başlanan müharibə Pireney sülhünün imzalanması ilə nəticələnib. İspaniya sərhəd bölgələrdəki bəzi əraziləri, o cümlədən nəzarətində olan Niderlandın bir hissəsini Fransaya verdi. Əvəzində Fransa zəbt etdiyi Kataloniya ərazilərini İspaniyaya qaytardı.

 

106 il əvvəl...

 

7 noyabr 1917-ci ildə Rusiyada tarixə “Böyük Oktyabr Sosialist İnqilabı” kimi düşmüş bolşevik üsyanı qələbə çalıb. Üsyan noyabrın 6-da (köhnə təqvimlə 24 oktyabr) Petroqradda (Sankt-Peterburq) başlanmışdı. “Müvəqqəti hökumət”in yerləşdiyi “Qış sarayı”nın alınması noyabrın 7-nə keçən gecə baş verdi. “Tavriya” zalında çıxış edən Vladimir Lenin hakimiyyətin sovetlərin (bolşeviklərin) əlinə keçdiyini bəyan etdi.

 

104 il əvvəl...

 

5 noyabr 1919-cu ildə Türkiyənin Antep şəhəri Fransa qüvvələri tərəfindən işğal olunub. Bundan öncə, 1918-ci ilin dekabrında şəhər ingilislərin nəzarətinə keçmişdi. Fransız işğalı 1921-ci ilin dekabrınadək sürdü. Qurtuluş savaşında azad olunan şəhər qazilik ünvanı alaraq Qaziantep adlandırıldı.

 

97 il əvvəl...

 

6 noyabr 1926-cı ildə Azərbaycan Radiosu fəaliyyətə başlayıb. Bakıda ilk radiostansiyanın verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. 1956-cı il fevralın 14-də Bakı Televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

 

77 il əvvəl...

 

4 noyabr 1946-cı ildə BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı olan UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) Nizamnaməsi qüvvəyə minib. UNESCO BMT-nin ən böyük xüsusiləşmiş qurumudur. Mənzil-qərargahı Parisdə yerləşir.

 

74 il əvvəl...

 

7 noyabr 1949-cu ildə Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı “Qara daşlar” adlanan yerdə ilk neft quyusu fontan vurub. “Qara daşlar”ın fəthi 1947-ci ildə məşhur neftçi-geoloq, “Azneftkəşfiyyat”ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə dəniz şəhəri – polad dirəklər üzərində Neft Daşları salındı.

 

56 il əvvəl...

 

6 noyabr 1967-ci ildə Bakı metrosu fəaliyyətə başlayıb. Paytaxtda 5 yeraltı stansiya – “Bakı Soveti” (“İçərişəhər”) – “26 Bakı komissarı” (“Sahil”) – “28 Aprel” (“28 May”) – “Gənclik” – “Nərimanov” xətti istifadəyə verilib. 6 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.

 

44 il əvvəl...

 

4 noyabr 1979-cu ildə İranda “İslam inqilabı qvardiyası”nın üzvləri ABŞ-nin Tehrandakı Səfirliyinə hücum edərək 53 amerikalını girov götürüblər. Onların tələbi ABŞ-də sığınacaq tapmış şah Məhəmməd Rza Pəhləvinin təhvil verilməsi idi. Vaşinqton bundan imtina etdi. Girovların azad edilməsi ilə bağlı danışıqlar bir ildən çox sürdü. 1980-ci ilin aprelində onların bir qismi azad edildi. Sonuncu girovlar 1981-ci il yanvarın 20-də, ABŞ-nin yeni prezidenti Ronald Reyqanın inauqurasiya günü azad edildi.

 

28 il əvvəl...

 

4 noyabr 1995-ci ildə İsrailin Baş naziri İshak Rabin iştirak etdiyi mitinqdə israilli gənc İqal Amir tərəfindən qətlə yetirilib. Terrorçu bu addımı İ.Rabinin Fələstin lideri Yasir Ərəfatla sülh razılaşması (1994-cü ildə) imzalanmasına etiraz olaraq atdığını demişdi.

Hazırladı: V.Orxan