Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu (BTMİF) və Qazaxıstanın İsveçrədəki Səfirliyinin əməkdaşlığı ilə Bern şəhərində qədim türk yazıları olan petroqlif, tamga və runik işarələrə həsr olunan sərgi açılıb. Sərgi Qazaxıstanın milli bayramına, 25 oktyabr – Respublika Gününə həsr olunub.
Sərginin açılış mərasimində Qazaxıstanın İsveçrədəki səfiri Kayrat Sarjanov və BTMİF-nin prezidenti Günay Əfəndiyeva çıxış ediblər.
Səfir Türk dünyasının ayrılmaz parçası olan Qazaxıstanın mədəni irsinin qorunması və beynəlxalq miqyasda təbliği yönündə həyata keçirilən layihələrə görə BTMİF-yə təşəkkür edib.
Günay Əfəndiyeva türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin təbliği istiqamətində təşkilatın fəaliyyət və məqsədlərindən söz açıb, sərginin fond tərəfindən başladılan layihənin bir hissəsi olduğunu bildirib.
Sərgidə qədim türk yazılarının və simvollarının daş və keramika üzərindəki bədii oymalarından ibarət müxtəlif əl işləri, türk ölkələrindən tanınmış tətbiqi sənət ustaları – Sabit Qurbanov (Azərbaycan), Sanjar Jubanov (Qazaxıstan) və Jumagul Taşiyevin (Qırğızıstan) sənətkarlıq nümunələri təqdim olunub.