Milli Aviasiya Akademiyasında görkəmli bəstəkar, Azərbaycan filmlərinin əsrarəngiz fon musiqilərinin mahir yaradıcısı, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı təşkil olunub.
Əvvəlcə Emin Sabitoğluya həsr olunan videoçarx təqdim edilib.
Konsertdə Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Lalə Məmmədova, İnarə Babayeva, Nurlan Növrəsli, Ramil Qasımov, beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva və başqaları görkəmli bəstəkarın sevilən mahnılarını səsləndiriblər.
İfaçıları Xalq artistləri Ənvər Sadıqovun bədii rəhbəri olduğu “Qaytağı” instrumental ansamblı müşayiət edib.
Ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoymuş Emin Sabitoğlu milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır.
Görkəmli bəstəkar Azərbaycan musiqisinə öz adını qızıl hərflərlə yazdırıb. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə dillər əzbəri olub, həm Azərbaycanda, həm də ölkə xaricində yayılıb. O, 500-dən artıq mahnının müəllifidir. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Alagözlüm”, “Çiçək yağışı”, “Şükriyyə”, “Payız gəldi”, “Ağ çiçək”, “Sıravi Əhməd”, “Mən sizə gələcəm” və dillər əzbəri olan neçə-neçə mahnıları onun yaradıcılığını əbədiyaşar edir.