Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkil etdiyi I Beynəlxalq TÜRKSOY Teatr Festivalı ilə bağlı mətbuat konfransı keçirildi.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov ilk dəfə reallaşan tədbirin ideya və məqsədlərindən söz açdı, festivalın işinə uğurlar arzuladı.
TÜRKSOY-un baş katibi Sultan Raev qeyd etdi ki, festival Türk dünyası teatr sənətçilərini bir araya gətirmək, qardaş ölkələrin teatrlarının inteqrasiyasına töhfə vermək məqsədi daşıyır. Bildirdi ki, bu günə qədər Türk dünyasında belə əhatəli teatr platforması yox idi. Festivala 6 ölkədən teatrlar və bu sahənin mütəxəssisləri qatılıb.
Festivalın münsiflər heyətinin rəhbəri sənətşünaslıq doktoru, TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının sədri, professor İsrafil İsrafilov otuzillik fəaliyyəti dövründə təşkilatın ilk dəfə belə bir festival həyata keçirdiyini dedi: “Festivalda bir-birindən maraqlı səhnə əsərləri nümayiş olunacaq. Beynəlxalq münsiflər heyəti tərəfindən ən yaxşı tamaşaları dəyərləndirəcəyik. Ümid edirəm ki, bu cür festivalların təşkili teatrların inkişafına öz müsbət təsirini göstərəcək”.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı festivalın proqramında yer alan tamaşaların öz ölkələrində seçkin səhnə nümunələri olduğunu dedi.
Qeyd edək ki, festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edirlər.
Ölkəmiz festivala Azərbaycan Dövlət Akademik Milli Dram, Dövlət Musiqili, Dövlət Pantomima və Naxçıvan Dövlət Milli Dram teatrları ilə qatılıb. Akademik Milli Dram Teatrı festivalın müsabiqə proqramında iştirak edir, digər üç kollektiv isə tamaşalarını müsabiqədənkənar təqdim edirlər.
TÜRKSOY Teatr Festivalı türkdilli xalqların zəngin mədəni müxtəlifliyini nümayiş etdirmək, habelə qardaş ölkələr arasında mədəni mübadilənin dərinləşməsinə töhfə vermək baxımından əhəmiyyətli layihədir.
H.Nizamiqızı