Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Kərkük Mədəniyyət Dərnəyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
BBMM-in mətbuat xidmətindən bildiriblər ki, imzalanma mərasimində çıxış edən icraçı direktor Rəvan Həsənov İraq türkmənləri ilə azərbaycanlıları eyni mədəniyyət və tarixi köklərin bağladığını bildirib.
“Mərkəz olaraq qarşımızda duran əsas məqsədlərdən biri mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməkdən ibarətdir. Bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik”, – deyə o qeyd edib.
Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi “İraq türkmənləri və Türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda konfransın təşkilinə görə BBMM rəhbərinə təşəkkürünü bildirib. BBMM ilə Kərkük Mədəniyyət Dərnəyi arasında memorandumun başlanılmış işin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, memorandumun məqsədi türk xalqlarının mədəni birliyinin möhkəmləndirilməsinə töhfə verilməsi, o cümlədən İraq ərazisində tarixən məskunlaşmış və hazırda da orada yaşayan türkmənlərlə mədəni əlaqələrinin genişləndirilməsi, ortaq tarixi ənənələrin, etnik mədəni-mənəvi dəyərlərin qarşılıqlı şəkildə öyrənilməsi və təbliğidir.