Noyabrın 2-də Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət not kitablarının təqdimatı olub.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva nəşrlərin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əbədi imzalar” layihəsi çərçivəsində işıq üzü gördüyünü bildirib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr Azərbaycan musiqisinin dünyada tanınmasına böyük töhfədir. O, “Əbədi imzalar” layihəsi üzərində bir neçə müddətdir iş getdiyini deyib, layihənin əhəmiyyətini vurğulayıb.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti, dirijor Yalçın Adıgözəlov, Əməkdar artist, bəstəkar Vüqar Camalzadə layihədə zəhməti olan hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd edilib ki, layihə çərçivəsində Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Vasif Adıgözəlovun simfonik, kamera-instrumental, vokal, fortepiano əsərləri, eləcə də müxtəlif alətlər üçün solo və xor partiyaları çap olunub.

Tədbirdə not kitablarında yer alan əsərlərdən nümunələr ifa edilib.