Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1997-ci il 1 dekabr
Prezident Heydər Əliyev Vokalçıların professor Bülbül adına 1-ci Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən mərasimdə çıxış edib.
“...Sizin hamınızı bizim görkəmli müğənnimiz Bülbülün xatirəsinə həsr olunmuş müsabiqədə yüksək yer tutduğunuza görə təbrik edirəm... Ümidvaram ki, bu hadisə Azərbaycanın mədəni həyatının beynəlxalq müsabiqələr keçirilməsi istiqamətində daha da canlanmasının başlanğıcı olacaqdır. Bu gün öyrəndim ki, növbəti müsabiqəni üç ildən sonra – 2000-ci ildə keçirməyi qərara almısınız. Biz üç ildən sonra yeni istedadlarla görüşü gözləyəcəyik... Münsiflər heyətini və bizim sevimlimiz İrina Arxipova başda olmaqla bu on beş gündə burada çalışanların hamısını təbrik edirəm...”.
1997-ci il 2 dekabr
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamla orkestrin işçilərinin aylıq vəzifə maaşları 1998-ci ilin yanvarın 1-dən orta hesabla dörd dəfə artırılıb.
1997-ci il 3 dekabr
Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, professional vokal sənətimizin banisi Bülbülün anadan olmasının 100 illiyi münasibətilə müğənninin Bakıdakı xatirə muzeyini ziyarət edib.
Respublika Sarayında Bülbülün 100 illiyinə həsr olunmuş təntənəli gecədə nitq söyləyib.
“...Bülbülün 100 illik yubileyi xalqımız üçün bayramdır. 1997-ci il demək olar ki, Bülbül ili olubdur və xalqımız hər yerdə Bülbülü böyük minnətdarlıqla xatırlayaraq onun yubileyi ilə əlaqədar təntənəli mərasimlər keçiribdir. Müstəqil Azərbaycanın həyatında ilk dəfə vokal sənətinə həsr olunmuş Bülbül adına beynəlxalq müsabiqə keçirilməsi də Bülbülün xatirəsinə hörmətdir və Bülbülün böyük səyləri nəticəsində Azərbaycan incəsənətində yaranmış professional vokal sənətinin yüksək səviyyədə olmasını nümayiş etdirir.
...Bülbül öz yaradıcılıq fəaliyyətinə xalq mahnıları ilə, muğamlarla başlamışdır. Ancaq ondan əvvəlki böyük sənətkarlardan fərqli olaraq Bülbül həm xalq mahnılarını, xalq musiqisini, muğam musiqisini ən yüksək bəşəri səviyyələrə qaldıra bilmişdir, həm də bizim zəngin muğam, xalq musiqimizin əsasında professional vokal sənətinin yaranmasının banisi olmuşdur.
Bülbülün yaradıcılığının zirvəsini “Koroğlu” operasında ifa etdiyi Koroğlu rolu təşkil edir. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun da yaradıcılığının şah əsəri, zirvəsi “Koroğlu” operasıdır... Düşünmək olar ki, bəlkə 30-cu illərin əvvəllərində Bülbül bir professional vokal ustası kimi, milli vokal ustası kimi formalaşmış olmasaydı, bəlkə Üzeyir Hacıbəyov da “Koroğlu” kimi ölməz operanı yaratmaqda çətinlik çəkərdi.
Bülbülün sənəti, onun bu günə qədər lent yazılarında qalmış məlahətli, təkrarolunmaz səsi, parlaq yaradıcılığı, onun qoyduğu böyük irs Azərbaycan xalqının milli sərvətidir... Onun səsi də, yaradıcılığı da, onun gördüyü işlər də bizim qəlbimizdə daim yaşayacaqdır.
...Güman edirəm ki, bu gün Bülbülün ruhu şad olubdur. Amma eyni zamanda düşünürəm ki, Bülbülün narahatçılığı da var. Onun doğma Şuşası, Qarabağı Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Biz də narahatıq. Ancaq xalqımız bilməlidir, bizim üçün əziz olan Qarabağ torpağı, Şuşa qalası işğaldan azad olacaq, Bülbül diyarı müstəqil Azərbaycanın çiçəklənən bir guşəsi olacaq və gələcək nəsillər məhz Qarabağda, Şuşada Bülbülün, Üzeyir Hacıbəyovun yenidən heykəlini qoyacaq və Şuşa, Qarabağ Azərbaycanın gözəl guşəsi kimi müstəqil Azərbaycanda yaşayacaqdır...”.
1997-ci il 6 dekabr
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijor və bədii rəhbəri Rauf Abddullayevi 60 illik yubileyi münasibətilə təbrik edib.
1997-ci il 12 dekabr
Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Emin Sabitoğluna 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
1997-ci il 14 dekabr
Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibəti ilə “Uşaqlar dünyanın sevincidir” devizi altında Teleteatrda keçirilən şənlikdə çıxış edib.
1997-ci il 18 dekabr
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevi doğum günü və rəssamlıq fəaliyyətinizin 60 illiyi ilə bağlı təbrik edib.
1997-ci il 20 dekabr
Azərbaycan heykəltaraşlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Ömər Eldarovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Xalq rəssamı Ömər Eldarovu 70 illik yubileyi münasibətilə təbrik edib.
1997-ci il 26 dekabr
Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndəsi, Xalq artisti Fərhad Bədəlbəyliyə 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
1997-ci il 27 dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Respublika Sarayında keçirilən təntənəli toplantıda nitq söyləyib.
1998-ci il 8 yanvar
Azərbaycan Tarixi Muzeyinin direktoru Əməkdar elm xadimi Püstə Əzizbəyovanın son mənzilə yola salınması mərasimində iştirak edib.
Hazırladı: V.Orxan