Olaylar, faktlar (9–12 noyabr)
299 il əvvəl...
10 noyabr 1724-cü ildə Rusiya çarı I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə fərman verib. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsi İrandan Bakıya köçürülüb. Azərbaycanın Xəzəryanı əraziləri 1723-cü ildə Rusiya ilə Səfəvi dövləti arasında bağlanmış Peterburq müqaviləsinə əsasən, rusların nəzarətinə keçmişdi. Pyotrun ölümündən sonra rus qoşunları bölgəni (müvəqqəti) tərk etdilər. Onun vəsiyyətinə isə sonrakı rus çarları tərəfindən ardıcıl əməl edildi.
105 il əvvəl...
9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli (mavi, qırmızı, yaşıl) dövlət bayrağının qəbul olunması barədə qərar verib. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra üçrəngli bayraq qırmızı sovet bayrağı ilə əvəzləndi. Ölkəmiz müstəqilliyini bərpa edəndən (1991) sonra Cümhuriyyətin bayrağı yenidən Azərbaycanın dövlət rəmzi kimi qəbul olundu. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
11 noyabr 1918-ci ildə Birinci Dünya müharibəsi başa çatıb. Almaniyanın kapitulyasiyasına dair “Kompen sülhü” imzalanıb. Fransadakı Kompen meşəsində dəmir yolu vaqonunda müharibənin qalibləri – Fransa, Britaniya və ABŞ və digər müttəfiq dövlətlərin diktəsi altında imzalanan sazişə əsasən, Almaniya müharibə zamanı tutduğu bütün əraziləri azad etməli, ordudan məhrum edilməli idi. 1919-cu ildə Versal sülhü müharibənin yekunlarını rəsmiləşdirdi.
85 il əvvəl...
10 noyabr 1938-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfat edib. 1919-cu ildə türk xalqının qurtuluş və istiqlal savaşına başçılıq edən Mustafa Kamal paşa 1923-cü ilin 29 oktyabrında elan olunan Türkiyə Cümhuriyyətinin ilk Prezidenti seçilmişdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. 15 il Türkiyə Cümhuriyyətinə rəhbərlik edən Atatürk 4 dəfə prezident seçilmişdi.
75 il əvvəl...
11 noyabr 1948-ci ildə energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
34 il əvvəl...
9 noyabr 1989-cu ildə Almaniyanın iki yerə (Qərbi və Şərqi Almaniya) bölünməsinin simvolu olan “Berlin divarı”nın uçurulması başlanıb. 1961-ci ildə SSRİ rəhbərliyinin qərarı ilə inşa edilən “Berlin divarı”nın uzunluğu 155 kilometr idi.
32 il əvvəl...
9 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınıb.
28 il əvvəl...
12 noyabr 1995-ci ildə Azərbaycanda Konstitusiyanın qəbul olunması ilə bağlı referendum və Milli Məclisə ilk seçkilər keçirilib. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edilib.
22 il əvvəl...
9-10 noyabr 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda qəbul edilən qərara müvafiq olaraq 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı.
Hazırladı: V.Orxan