9 noyabr – 3 dekabr tarixlərində Gürcüstan paytaxtı Tbilisidə növbəti Barokko festivalı keçirilir. Azərbaycan musiqiçiləri də builki festivala qatılıblar.
Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev festival çərçivəsində Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçirilən konsertdə Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edib. Konsertdə vokalçılarımız İlham Nəzərov və Fəridə Məmmədova dünya bəstəkarlarının mahnılarını ifa ediblər.
Azərbaycan musiqiçilərinin çıxışları alqışlarla qarşılanıb.
Musiqişünas, skripka ifaçısı Mariam Xaritonaşvili AZƏRTAC-a müsahibəsində Azərbaycanın opera müğənnilərinin festivalda iştirakının sevindirici hadisə olduğunu vurğulayıb: “Biz qardaş və dost ölkələrik. Tbilisidə təşkil olunan konsert və festivallarda azərbaycanlı incəsənət ustalarının çıxışları artıq ənənəvi hal alıb. Bu, bizim mədəni əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Tbilisidə azərbaycanlı, Azərbaycanda isə gürcü müğənnilərin iştirakı ilə konsertlərin təşkili bizim dostluğumuzu daha da möhkəmləndirir”.
Əməkdar artist İlham Nəzərov da ötən il Bakıda keçirilən Barokko festivalında gürcü ifaçıların çıxış etdiyini xatırladaraq deyib: “Tbilisidə Barokko festivalında çıxış etməyin bizim üçün çox böyük əhəmiyyəti var. Burada dünyaca məşhur bəstəkarların musiqilərini ifa etdik. Qarşılıqlı olaraq bu cür tədbirlərdə iştirakımız mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır”.
Əməkdar artist Fəridə Məmmədova Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrında çıxış etməyin onun üçün ikiqat sevindirici hal olduğunu bildirib: “Gənclik illərim Tbilisidə keçib. Məşhur musiqiçi Nodar Quadzedən vokal dərsləri almışam. Ona görə də həm müəllimimin vətəninə yenidən gəlmək, həm də ondan aldığım dərsləri burada nümayiş etdirmək mənim üçün çox xoşdur”.
Qeyd edək ki, Gürcüstan paytaxtında Barokko festivalı 2015-ci ildə Tbilisi Dövlət Kamera Orkestri (“Gürcüstan simfoniyetta”) tərəfindən ölkənin Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə təsis olunub.