Gülarə Əliyevanın 90 illiyi adını daşıyan məktəbdə qeyd edilib
Noyabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri Gülarə Əliyevanın (1933-1991) anadan olmasının 90 illiyi münasibətilə musiqiçinin adını daşıyan 3 nömrəli Uşaq incəsənət məktəbində tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq artisti Yusif Axundzadə, Gülarə Əliyevanın qızı Ayəndə Əliyeva, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri Tariyel Abbasov və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda Gülarə Əliyevanın həyat və yaradıcılığından söz açılıb, onun bəstəkar və pedaqoq kimi də sənətdə iz qoyduğu bildirilib. Qeyd olunub ki, istedadlı pianoçu eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyasının, “Humayun” süitasının, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.
Sonra konsert proqramı təqdim olunub. Proqramda ansamblın müşayiəti ilə məktəbin müəllim və şagirdləri, eləcə də Əməkdar artistlər Aybəniz Haşımova, Firuzə İbadova, Ruhəngiz Musəvi və digər müğənnilər çıxış ediblər.