Hər il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın iştirakı ilə regionlarda mehmanxana əməkdaşları üçün tədris kursları keçiriləcək.
Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, «Mehmanxana idarəçiliyi», «Qeyd-qəbul», «Xadiməçilik» və «Masa xidməti» ixtisasları üzrə reallaşdırılacaq təlim kurslarına may ayının sonlarında start veriləcək. Təlim kursları şimal regionu üzrə İsmayıllı rayonunda, cənub regionu üzrə isə Lənkəranda baş tutacaq.
İyunun ortalarına qədər davam edəcək kursları Türkiyədən gəlmiş peşəkar mehmanxana mütəxəssisləri aparacaqlar. Kurslar ölkəmizdə fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.