Sankt-Peterburq forumunda mədəniyyətin inkişafı müzakirə olunub

 

Xəbər verdiyimiz kimi, 16-18 noyabr tarixlərində Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda IX Beynəlxalq Mədəniyyət Forumu keçirilib. “Birləşmiş mədəniyyətlər forumu” adı altında gerçəkləşən builki foruma 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri qatılıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edib.

Forum çərçivəsində Adil Kərimli ilə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

İki ölkə arasında mədəni əlaqələrin tarixi və inkişaf perspektivləri müzakirə olunub. Olqa Lyubimova Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Azərbaycanın mədəniyyət naziri həmkarını 2024-cü ildə Bakıda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Rusiya nazirinə “Şuşa – zirvədən uca” kitabı hədiyyə olunub.

 

Mədəni suverenlik dövlətin əsasları kimi

 

Mədəniyyət naziri Adil Kərimli forum çərçivəsində noyabrın 17-də “Mədəni suverenlik dövlətin əsasları kimi” mövzusunda plenar iclasda çıxış edib.

Nazir Azərbaycan mədəniyyətinin tarixinə nəzər salaraq ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı, tolerantlıq şəraitində yaşadığını vurğulayıb.

Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu ənənələri əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir mədəniyyət siyasətinin konseptual əsasları yaradılır, mədəni irsin qorunması sahəsində dövlət proqramları, investisiya layihələri və dəstək tədbirləri həyata keçirilir.

Bildirilib ki, Azərbaycanın mədəni zənginliklərinin qorunması və təbliği üzrə milli və beynəlxalq layihələrin reallaşmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna rol oynayır.

İclasda çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova çoxqütblü dünyada mədəniyyətlərin müxtəlifliyinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb, “Avrasiya” kino mükafatının və “İnterviziya” mahnı müsabiqəsinin təsis edilməsi təklifini irəli sürüb.

Qeyd edək ki, Sankt-Peterburq IX Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində beynəlxalq teatr əməkdaşlığı, mədəni irsin qorunması, xalqların etnomədəni sahədə əməkdaşlığı və s. mövzularda panel diskussiyaları, dəyirmi masalar, digər tədbirlər təşkil edilib.

Tədbirin sonunda “Ermitaj” mükafatı laureatlara təqdim olunub.