Ərəb turistləri ovçuluq və dağ-xizək turizmi daha çox maraqlandırır
   
   Xəbər verdiyimiz kimi, mayın 7-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən «ATM 2013» beynəlxalq turizm sərgisində Azərbaycanın turizm imkanları da nümayiş etdirilib. Sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
   
   Heyətdə nazirliyin Turizm şöbəsinin əməkdaşları, «SW travel», «Millennium Tourism and Congress», «Sport Luxury», «Gilan tourism», «Pasha travel», «Xəzər travel» turizm şirkətləri, «Chinar Hotel and Spa Naftalan», «Fairmont Baku», «Gallery hotel», «Four Seasons», «Kempinski Hotel Badamdar» və «Marriott Absheron» mehmanxanalarının nümayəndələri yer almışdı.
   Turizm şöbəsinin Xarici turizm sektorunun böyük məsləhətçisi Cəfər Qarayev sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü. Onun sözlərinə görə, sərgi iki pavilyondan ibarət olub: birinci pavilyonda ərəb ölkələri, ikinci pavilyonda isə Avropa, Asiya və Afrika ölkələri təmsil olunurdu. Sərgiyə 91 ölkədən 2500-ə yaxın şirkət qatılmışdı. Beşulduzlu brend hotellərin demək olar ki, hamısı ayrıca stendlə iştirak edirdi. Açılış mərasiminə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay hökumətinin sədri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum gəlmişdi.
   Həmsöhbətimizin sözlərinə görə, ziyarətçilərin sayı çox olub. Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai də Azərbaycanın stendinə təşrif buyurub, orada müxtəlif müzakirələr aparıb: «Birləşmiş Ərəb Əmirliklərindəki diplomatlarımız da stendimizi ziyarət etdilər. Məlumdur ki, Dubayda yerli iş adamları çox azdır. Xidmət sahələrində əsasən Hindistan, Banqladeş, Pakistan vətəndaşları çalışır. Ziyarətçilərin çoxu da onlar idi. Bizim stendlə həm yerli ərəblər, həm də iştirakçı ölkələrin nümayəndələri maraqlanırdılar. Ziyarətçilər daha çox ovçuluq və dağ-xizək turizmi ilə bağlı suallar verirdilər. Biz özümüzlə “Şahdağ” Yay-Qış Turizm Kompleksi haqqında ərəb və ingilis dillərində broşürlər, bukletlər aparmışdıq. Elektron viza ilə maraqlananlar da çox idi. Biz yeni qaydalar barədə məlumat verirdik. Ərəblər daha rahat səfər etməyi sevirlər. Ona görə də Azərbaycanda elektron vizanın tətbiqi xəbəri onları çox sevindirdi. Bir məqamı da qeyd edim ki, ərəblər VİP turistlər hesab olunur, getdikləri ölkələrdə çoxlu pul xərcləyirlər. Bu baxımdan ərəb turistlərin ölkəmizə cəlb edilməsi turizm baxımından çox əhəmiyyətlidir”.
   Sərgi çərçivəsində mayın 7-də Dünya Turizm Təşkilatının dəstəyi ilə «Turizm və aviasiya» adlı dünya turizm nazirlərinin forumu olub. 25-ə yaxın ölkənin təmsil olunduğu forumda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib. Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin çıxışından sonra forum panellər üzrə davam etdirilib. Tədbirdən sonra Dubay şeyxi öz iqamətgahında iştirakçılara böyük ziyafət verib.
   Nazirlik rəsmisi Dubayın kütləvi informasiya vasitələrində sərginin işıqlandırılmasından da danışdı: «Sərgidə media nümayəndələri üçün «Media park» adlı xüsusi yer ayrılmışdı. Azərbaycanın stendi də onların diqqət mərkəzində idi. Hər gün bir neçə dəfə yaxınlaşıb suallar verirdilər. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bir neçə kanala müsahibə verdi. Sərgi günlərində Mədəniyyət və Turizm Nazirliyinin Birləşmiş Ərəb Əmirlikləri və Körfəz ölkələrindəki nümayəndəsi «Atlantis Holadays» şirkəti bizə yaxından dəstək oldu. Sərgidə promo məhsullarla yanaşı, stendimizə yaxınlaşan hər bir ziyarətçiyə Azərbaycan çayı, milli şirniyyatlarımız təqdim edilirdi. Mayın 7-də eyni zamanda ourazerbaijan.com saytının təqdimatı oldu. İngilis və ərəb dillərində hazırlanan saytda Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti və s. haqqında məlumatlar yerləşdirilib».
   Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə də iştirak edib.
   Qeyd edək ki, ölkəmiz 2004-cü ildən başlayaraq artıq onuncu dəfədir ki, Dubay sərgisində təmsil olunur.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar